Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir A.Hüseynbala /
Xocalı soyqırımının 17-ci ildönümü ərəfəsi Kərim Kərimlinin "Xocalı - vəhşi əsrin vəhşi əsəri" kitabı nəşr olunub.
"Biz Xocalı qırğınını qisasçılıq məqsədilə yadda saxlamırıq, Xocalıda, xocalılara qarşı törədilənlərə görə intiqama çağırmırıq və dünyadan, dünya ictimaiyyətindən, beynəlxalq təşkilatlardan da bunu tələb etmirik. Biz dünyadan Xocalı qətliamına görə obyektiv qiymət və ədlətli mühakimə istəyirik! Biz dünyadan Xocalı faciəsini törədənlərdən qisas almağı deyil, onların ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb edirik", - müəllif qeyd edir.
Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Kərimli vurğulayır ki, Xocalı faciəsinin tanınması təkcə Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası, təhqir edilmiş heysiyyatının əvəzi kimi yox, ona görə vacibdir ki, törədilmiş cinayətin əsl beynəlxalq hüquqi və siyasi qiymət alması, layiqli ədalət mühakiməsinin qurulması bir daha bu cür vəhşi hərəkətlərin təkrar edilməməsini təmin edən, həyata keçirilməsinin qarşısını alan vasitələrdən, mexanizmlərdən biri olar.
Müəllif bu kitabı yazmasının səbəblərini də açıqlayıb. "Mən ona görə bu kitabı yazdım ki, Xocalı qırğınından sağ qurtulmuş insanlar, canlı şahidlər getdikcə azalır - dünyasını dəyişir. Mən qərara aldım ki, nə qədər onlar da, biz də sağıq, o şahidlərin gördüklərini və bildiklərini, eləcə də başına olmazın işgəncələr gətirilmiş insanların təəssürat və xatirlərini yazmaq, kitab şəklində çap etdirmək lazımdır", - Kərimli əlavə edir.
Onun sözlərinə görə, bu kitabı yazmaqda digər bir niyyəti artıq əlimizdə olan materialların başqa dillərə tərcümə edilərək, yayılmasına nail olmaqdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]