...

Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması istiqamətində səylərin sürətləndirilməsinə ehtiyac var - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2009 13:30 (UTC +04:00)
Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması istiqamətində səylərin sürətləndirilməsinə ehtiyac var - deputat

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir C.Babayeva / 

"Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması istiqamətində səylərin sürətləndirilməsinə ehtiyac var", - cümə günü Milli Məclisin iclasında deputat Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, azərbaycanlıların  1948-53-cü illərdə Ermənistandan deportasiyasından 60 il ötür. "Azərbaycanlılar doğma torpaqlarından deportasiya edilib. Stalinin dövründə deportasiya edilmiş xalqların doğma torpaqlarına qayıtması hüquqları tanınıb. Ancaq Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları hələ də tanınmayıb. Bu ədalətsizlikdir", - deputat bildirib.

Paşayeva bu məsələni parlamentin növbəti iclaslarının gündəliyinə salınmasını təklif edib. "Bu məsələ həmişə gündəlikdə olmalıdır. Parlamentdə beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə iclas keçirmək olar", - o deyib.

"Beynəlxalq təşkilatlara müraciətlər qəbul edilməlidir. Parlament fəaliyyətin istiqamətini müəyyən etməlidir. İnanıram ki, parlament bu məsələnin dünya ictimaiyyətinə çatdırılması prosesini sürətləndirəcək", - Paşayeva əlavə edib.

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı -  1948-1956, 1987-1988-ci illər adlı dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyiblər. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti