Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin alternativi yoxdur. RİA Novosti-nin verdiyi məlumata əsasən, bu barədə Fransanın Ermənistandakı səfiri Serj Smessov deyib.
"Gürcüstanda baş vermiş avqust hadisələri göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin alternativi yoxdur və güc tətbiqi münaqişənin həlli deyil", - Smessov Yerevanda keçirilən "Cənubi Qafqazda təhlükəsizlik mühitinin yenidən qiymətləndirilməsi: regional münaqişələr, sabitlik və transformasiya" beynəlxalq elmi konfransında çıxış edərkən deyib.
Onun sözlərinə əsasən, 2008-ci ilin avqustunda Rusiya və Gürcüstan arasında baş vermiş münaqişə yeni təhlükələr yaradaraq regionda ciddi dəyişikliklərə səbəb oldu.
Smessov deyib ki, regionda münaqişələrin həlli istiqamətndə yeni imkanlar var.
"Görünür ki, Dağlıq Qarabağla bağlı münaqişə edən tərəflər belə bir vəziyyətin hər zaman davam edə bilməyəcəyini anlayırlar. Münaqişənin həlli ilə bağlı danışıqlar kuliminasiya həddinə çatmsa da prosesin özündə müəyyən irəliləyişlər var", - Smessov qeyd edib.
O xatırladıb ki, Ermənistan və Azərbaycan prezidentləri dörd görüş keçirib və daha bir görüşün iyunda Sankt-Peterburqda baş tutacağı gözlənilir.
"Minsk qrupu həmsədrləri "Madrid prinsipləri"ni təklif ediblər. Bundan sonra Ermənstan və Azərbaycan ictimaiyyətini yeni razılaşmanı qəbul etməyə hazırlamaqla bağlı işlərin görülməsi vacibdir", - fransalı diplomat bildirib.
Smessov onu da qeyd edib ki, Qafqaz Aİ-üçün periferiya deyil, Avropa sisteminin bir hissəsidir. "Bizdən ötrü vacib olan regionun enerji layihələrinin həyata keçirilməsində alternativ yol olmasıdır", - Smessov əlavə edib.