...

Azərbaycan ərazi bütövlüyünü şübhə altına alan heç bir təkliflə razılaşmayacaq - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2010 12:51 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Madrid prinsipləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəli sürülən təklifdir.
Azərbaycan ərazi bütövlüyünü şübhə altına alan heç bir təkliflə razılaşmayacaq - deputat

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Madrid prinsipləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəli sürülən təklifdir.

"Bu, ölkələrin öz üzərinə götürdüyü öhdəlik deyil. Təkliflər tərəflərin mövqelərinin yaxınlaşdırılması məqsədi daşıyır. Ancaq Azərbaycan birmənalı şəkildə öz ərazi bütövlüyünü şübhə altına alan heç bir təklifə razılıq verməyəcək", - Trend -un məlumatına görə, çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

ATƏT-in Afinada keçirilmiş sammitində tərəflərə yenilənmiş Madrid prinsipləri təqdim edilmişdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi 4 qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Mirzəzadənin sözlərinə görə, yenilənmiş Madrid təkliflərində Azərbaycanın maraqları əsasən əks olunub. "Bu baxımdan, ümumilikdə, ölkəmiz Madrid prinsiplərini qəbul edib", - millət vəkili əlavə edib.

Onun fikrincə, Ermənistan bu məsələlərdə tez-tez mövqe dəyişikliyi nümayiş etdirir. "Çünki Ermənistana problemin həlli deyil, onun dondurulmuş şəkildə uzun müddət qalması lazımdır. İşğalçı dövlətin rəhbərliyinə münaqişənin həlli sərf etmir. Çünki rəhbərlikdə olan komanda hakimiyyətə "Qarabağ dalğası" üzərində gəlib. Bu hakimiyyət öz şəxsi məsələlərini kifayət qədər həll edib. Bu gün hakimiyyətdəkilərə Ermənistan cəmiyyətində mövcud olan problemlərin həlli maraqlı deyil. Hazırda Ermənistanın sosial-iqtisadi durumu böhran vəziyyətindədir. Dövlətçilikdə ciddi problem var, ölkə tam müstəqil deyil, xarici qüvvələrdən, erməni diasporundan asılı vəziyyətdə olması buna gətirib çıxarır ki, onlar bir sıra məsələlərdə müstəqil fikir bildirmirlər. Ancaq bununla belə, Ermənistan öz seçimini etməyə məcburdur", - Mirzəzadə qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti