Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir A.Hüseynbala/
Qarabağ Azadlıq Təşkilatı cümə günü Azərbaycanın İmişli rayonunda Qarabağ forumu keçirib.
QAT-ın mətbuat xidmətinin yaydığı məlumata görə, "Döyüşə hazır ol!" devizi altında keçirilən forumda QAT rəhbərliyi, təşkilatın İmişli və digər ətraf rayon şöbələrinin nümayəndələri, həmçinin, digər ictimai və siyasi qurumların yerli təşkilatları, ziyalılar, məcburi köçkünlər, Qarabağ döyüşçüləri iştirak ediblər.
Forumun sonunda qəbul olunan sənəddə bildirilir ki, Qarabağ məsələsinə dair Minsk qrupu çərçivəsində aparılan danışıqlar dayandırılmalıdır. Forum iştirakçıları ABŞ və digər dövlətlər tərəfindən Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı təzyiqləri qətiyyətlə pisləyib və bu təzyiqlərə son qoyulmasını tələb edib.
"Türkiyə və Azərbaycan birgə hərəkət etməli, bir-birlərinin marağını heç kimə və heç nəyə qurban verməməli, bütün təzyiqlərə qarşı birgə dayanmalıdırlar" - sənəddə qeyd edilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.