Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın hakim partiyası ABŞ-la birgə hərbi təlimlərin keçirilməsindən imtina edilməsi səbəblərini açıqlayıb.
"Proseslər bir-biri ilə əlaqəlidir, regionda əmin-amanlığın, sabitliyin, əməkdaşlığın təmin edilməsi Ermənistanla - Azərbaycan arasında münaqişənin nəticələrinin aradan qaldırılması ilə bilavasitə əlaqədardır. Proseslər bu konteksdə nəzərdən keçirilsə, onda hesab edirəm, ilkin olaraq münaqişənin nizama salınması üçün əhəmiyyətli addımlar atılmalıdır", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icraçı katib Əli Əhmədov bildirib.
Əhmədov hesab edir ki, bu istiqamətdə ədalətli tədbirlərin görülməsi planlaşdırılmalı və bunun nəticəsi, yekun olaraq regionda sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində digər əlavə tədbirlər görülə bilər.
"Bu gün üçün Azərbaycan cəmiyyətinin qəbul edə biləcəyi bir reallıq var - Azərbaycanın haqlı mövqeyi beynəlxalq, siyasi qurumlar tərəfindən müdafiə edilmirsə, onda Azərbaycan cəmiyyətinin bu münasibətlərin nə dərəcədə Azərbaycanın maraqlarına uyğun gəlməsi ilə əlaqədar sualları ortaya çıxır", - Əhmədov əlavə edib.
Azərbaycan mayda nəzərdə tutulan ABŞ-la birgə hərbi təlimlərin keçirilməsindən imtina edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.