...

Dağlıq Qarabağ müzakirələrinin son dövrdə qazandığı sürət problemin həllinə ümidləri gücləndirib - Türkiyənin XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2010 14:56 (UTC +04:00)
Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Azərbaycan - Türkiyə İş Adamları Birliyinin (ATİB) rəsmi orqanı olan "EcoVision" jurnalına vediyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin son günlərdə daha çox müzakirə olunmasının problemin həllinə ümidləri artırdığını bildirib.
Dağlıq Qarabağ müzakirələrinin son dövrdə qazandığı sürət problemin həllinə ümidləri gücləndirib - Türkiyənin XİN rəhbəri

Azərbaycan, Bakı, 19 may /Trend,

Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Azərbaycan - Türkiyə İş Adamları Birliyinin (ATİB) rəsmi orqanı olan "EcoVision" jurnalına vediyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin son günlərdə daha çox müzakirə olunmasının problemin həllinə ümidləri artırdığını bildirib.

"Dağlıq Qarabağ müzakirələrinin son dövrdə qazandığı sürət məsələnin həllinə istiqamətlənmiş ümidləri gücləndirib", - deyə Davudoğlu bildirib.

Türkiyə XİN rəhbəri onu da bildirib ki, Ankara müzakirələrin tez bir zamanda konkret nəticə verməsi və problemin sülh yolu ilə həll olunmasını istəyir.

"Türkiyə ATƏT-in Minsk qrupunun bir üzvü olaraq, həll müddətindəki aktivliyi yaxından müşahidə etməkdə, həmsədrlərin bu istiqamətdəki səylərinə dəstək verməkdə və problemin ən qısa zamanda həll olunması istiqamətindəki istəyini hər vaxt həmsədrlərlə təmaslarda dilə gətirməkdədir", - deyə Davudoğlu qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli təməl parametrlərinin ortaya çıxdığı və bu parametrlər üzərində də tərəflərin mövqelərinin bir-birinə yaxınlaşmaqda olduğu bəllidir.

Davudoğlu bildirib ki, Azərbaycan Cənubi Qafqazda Türkiyənin başda gələn ortağıdır.

"Azərbaycanın liderliyi ilə regiona istiqamətlənmiş ortaq bir vizion və bənzər hədəflər istiqamətində əməkdaşlıq etməkdən məmnunuq. Buradakı vacib cəhət quruluşçu və səmimi bir dialoq çərçivəsində fikir mübadiləmizi davam etdirmək və ortaq məxrəcə gələ bilməkdir", - deyə Davudoğlu deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda əhəmiyyətli inkişaflara səhnə olan 2009-cu il ərzində də Türkiyə və Azərbaycan regionda yaşanan sürətli inkişaflar qarşısında qarşılaşdıqları çətinliklərin öhdəsindən qardaşcasına, dialoqu davam etdirərək gələ biliblər.

Ankara ilə Yerevan arasında 2009-cu ildə imzalanmış protokollara münasibət bildirən Davudoğlu qeyd edib ki, Türkiyə ilə Ermənistan arasındakı normallaşma müddətini Cənubi Qafqazda daimi sülh və sabitlik mühitinin təsis edilməsindəki səylərin bir parçası olaraq qəbul etmək lazımdır.

"Cənubi Qafqazın mövcud münaqişəli mühitdən xilas edilib, bir təhlükəsizlik və əməkdaşlıq sahəsinə çevrilməsi bu regiondakı bütün ölkələrin gələcəyi və bölgənin rifahı baxımından lazımlıdır. Cənubi Qafqazda belə bir vəziyyətin yaranması təkcə Ermənistanın deyil, bölgədəki bütün ölkələrin faydasına olacaq", - deyə o bildirib.

Davudoğlunun sözlərinə görə, Cənubi Qafqazda əhatəli sülhün yaradılması məqsədilə digər çox mühüm bir şərt də Dağlıq Qarabağ probleminin həll edilməsidir.

"Türkiyə və Ermənistan arasındakı normallaşma müddətinin Dağlıq Qarabağ probleminin həll edilməsi səylərinə də müsbət təsir edəcəyinə və bu səylərə sürət verəcəyinə inanırıq. Əks halda, regionumuzda əhatəli bir normallaşma olmaması halında təkölçülü bir normallaşma istiqamətindəki səylərin sabit və davam etdirilə bilən olmayacağı açıq şəkildə bilinir", - deyə Davudoğlu qeyd edib.
Onun sözlərinə görə, Ankara Türkiyə - Ermənistan normallaşma müddəti ilə Dağlıq Qarabağ probleminin həlli səyləri arasında qarşılıqlı təsirin olacağını əvvəlcədən də qeyd edirdi.

XİN rəsmisi onu da qeyd edib ki , Türkiyənin Cənubi Qafqaz və Orta Asiyaya istiqamətlənmiş siyasətinin təməli bu bölgələrin sabitlik və təhlükəsizliyinin təmin edilməsinə köməkliyin göstərilməsi, region ölkələrinin müstəqilliklərinin, iqtisadi inkişaf və rifahının dəstəklənməsidir.

"Türkiyə SSRİ-nin dağılmasından sonra, Azərbaycanla Orta Asiyadakı digər türkdilli ölkələr arasında əməkdaşlıq və həmrəyliyin inkişafına liderlik etmiş və bu səylərində Azərbaycandan hər vaxt yüksək səviyyədə dəstək görmüşdür", - deyə Davudoğlu qeyd edib.

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanın ev sahibliyi ilə təşkil edilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvəsi zamanı imzalanan Naxçıvan anlaşması ilə qurulan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu səylərin həyata keçirilməsi üçün əhəmiyyətli bir addım olmuşdur.

Davudoğlu onu da qeyd edib ki, Xəzər hövzəsi enerji qaynaqlarının Qərb bazarlarına çatdırılması Türkiyə, Azərbaycan və Orta Asiya ölkələri arasındakı əsas əməkdaşlıq sahələrindən birini təşkil etməkdədir və Türkiyə Xəzər hövzəsi enerji qaynaqlarının ən məhsuldar şəkildə istifadəsini, Qərb bazarlarına çatdırılması işlərində irəliləyişlərin olmasını, haqqında bəhs edilən ölkələrin müstəqilliklərinin, təhlükəsizliklərinin və inkişaflarının artırılması baxımından dəstəkləməkdədir.

Xəbər lenti

Xəbər lenti