...

Qarabağ Azadlıq Təşkilatı ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırması ilə bağlı etiraz bəyanatı yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2010 16:40 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına etiraz olaraq cümə günü bəyanat yayıb.
Qarabağ Azadlıq Təşkilatı ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırması ilə bağlı etiraz bəyanatı yayıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir T.Hacıyev/

Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına etiraz olaraq cümə günü bəyanat yayıb. Bu barədə Trend-ə QAT-dan məlumat veriblər.

Bəyanatda deyilir ki, ABŞ hökuməti Ermnistana və Dağlıq Qarabağ qondarma rejiminə maliyyə yardımı ayırmaqla bir daha ermənipərəst mövqe nümayiş etdirib.

"ABŞ bir tərəfdən terrora və işğalçılığa qarşı mübarizə apardığını bəyan edir, digər tərəfdən terroru və işğalçı erməni rejimini himayə edir", - bəyanatda deyilir.

Trend-in arayışı: ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici maliyyələşdirmə üzrə komitəsi 2011-ci il üçün büdcəni təsdiqləyib. Büdcəyə əsasən, ABŞ Ermənistana 44 milyon dollar həcmində maliyyə yardımı göstərəcək. Bu, Barak Obama tərəfindən nəzərdə tutulan rəqəmdən 4 milyon dollar çox, keçən illə müqayisədə isə 4 milyon dollar azdır.

ABŞ administrasiyası həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq 10 milyon dollara çatdırıb.

Komitə ayrılan hərbi yardımda paritet saxlamağı qərara alaraq Azərbaycan və Ermənistana ayrı-ayrılıqda hərbi məqsədli 3,5 milyon dollar hərbi yardım, hərbi təhsil üçün isə 450 min dollar yardım ayırıb.

ABŞ tərəfindən beynəlxalq hüquq normalarını tapdalayan, beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayan erməni quldurlarına hərtərəfli yardım göstərilməsi pislənilir. Bu ikiüzlü və ikili standartlar siyasəti adlandırılır. "Bu siyasət Azərbaycanın işğalçı Ermənistan qarşısında diz çökdürülməsinə, Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə, Dağlıq Qarabağın Ermənistana verilməsinə yönəldilmişdir", - bəyanatda bildirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

QAT-a görə bu cür hərəkətlər Azəraycanda antiamerika əhval-ruhiyyəsini daha da gücləndirir və ABŞ-ın Qarabağ məsələsində vasitəçiliyini mümkünsüz edir.

Bəyanatda QAT Azərbaycan rəsmilərini ABŞ dövlət katibi ilə bu günlərdə nəzərdə tutulan görüşdən imtina etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti