...

Cəbhə xəttində atəşkəsin pozulması bir daha Ermənistanın işğalçılıq mahiyyətindən xəbər verir - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2010 16:13 (UTC +04:00)
Cəbhə xəttində atəşkəsin pozulması bir daha Ermənistanın işğalçılıq mahiyyətindən xəbər verir.
Cəbhə xəttində atəşkəsin pozulması bir daha Ermənistanın işğalçılıq mahiyyətindən xəbər verir - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T. Hacıyev/

Cəbhə xəttində atəşkəsin pozulması bir daha Ermənistanın işğalçılıq mahiyyətindən xəbər verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim partiyanın saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

"Ermənistanla Rusiya arasında imzalanmış yeni hərbi müqavilədən işğalçı dövlət öz məqsədləri üçün istifadə etmək istəyir", - Səfərov deyib.

Son 10 gündə Ermənistan Silahlı Qüvvələri iki dəfə Azərbaycan Milli Ordusunun mövqelərinə hücum etməyə cəhd edib. Silahlı insident zamanı hər iki tərəf itki verib.

Səfərov icmanın Rusiyanın 102-ci hərbi bazadan Ermənistanın işğalçılıq siyasətini genişləndirmək üçün istifadə etməsinə imkan verəcəyinə inanmadığını deyib. "Rusiya Prezidentinin ölkəmizə səfəri zamanı səsləndirdiyi fikirlər buna əsas verir", - o deyib.

Onun sözlərinə görə, bu hərbi müqavilənin imzalanması ilə Ermənistanın Rusiyadan asılılığı daha da artır.

"Ermənistan müstəqil dövlət deyil. Bu müqavilə işğalçı dövlətin qeyri-müstəqilliyini daha da gücləndirir. Ermənilər kim pul verirsə, onların tərəfinə keçir. Yəqin ki, Rusiya həmin müqaviləni imzalamaqla Ermənistanın başqa dövlətlərə sığınmasına imkan verməyib", - Səfərov qeyd edib.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti