...

ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttində olacaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2010 17:22 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 8-də Azərbaycanın Tərtər rayonunun Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttində olacaqlar

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 8-də Azərbaycanın Tərtər rayonunun Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda bildirilir.

"Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfinə keçməsi planlaşdırılır", - məlumatda deyilir.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti