...

Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə ABŞ-da görüşəcəklər – Minsk qrupunun həmsədri Robert Bradtke (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2010 10:53 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə ABŞ-da görüşəcəklər
Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə ABŞ-da görüşəcəklər – Minsk qrupunun həmsədri Robert Bradtke (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Bradtkenin ATƏT-in keçiriləcək sammiti ilə bağlı fikirləri əlavə olunub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə ABŞ-da görüşəcəklər. Bu barədə ATƏT Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-yə müsahibəsində deyib.

"Həmsədrlər də məsləhətləşmələr üçün Vaşinqtona gələcəklər. Bu məsləhətləşmələr Birləşmiş Ştatların vəzifəli rəsmiləri ilə aparılacaq. Daha sonra biz tərəflərlə görüşmək üçün Nyu-Yorka yollanacağıq", - Bradtke bidirib.

Bradtkenin sözlərinə görə, həmsədrlərin yeni ideyaları var.

"Ötən həftə biz Bakı və Yerevanı bu ideyalarla tanış etdik. Bundan sonra sentyabrın sonlarında və ya oktyabrın əvvəllərində regiona təkrar səfər edəcəyik", - o deyib.

Bradtke, həmçinin, bildirib ki, ATƏT-in dekabr ayında Qazaxıstanda keçiriləcək sammiti çox mühüm hadisə olacaq.

"Burada Azərbaycan və Ermənistan prezidentləri Avropanın və Şimali Amerikanın dövlət rəhbərləri ilə bir masa arxasında oturacaqlar. Şübhəsiz ki, münaqişə tərəflərinin mövqelərindəki fərqlər bir daha diqqət mərkəzində olacaq. Prezidentlər bu prosesi necə inkişaf etdirmək planları barədə dünya birliyinə məlumat verməli olacaqlar. Düşünürəm, burada müəyyən irəliləyiş əldə etmək mümkün olacaq. Biz son səfərimiz zamanı tərəflərə hansı sahələrdə razılaşmanın əldə olunmasının mümkünlüyü barədə məlumat vermişik. Biz bu məsələləri bir daha Nyu-Yorkda müzakirə edəcəyik. Bu mərhələdə sülh prosesini irəlilətmək üçün tərəflərdən konstruktiv addımlar gözləyirik", - həmsədr əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti