...

Dövlət Komissiyası Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilən Azərbaycan hərbçilərinin qaytarılması barədə məlumat yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2010 15:53 (UTC +04:00)
Məlumatda deyilir ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan hərbçiləri - İbrahimov Mübariz Ağakərim oğlu və Əhmədov Fərid Güloğlan oğlunun meyitləri bu gün qarşı tərəfdən alınıb.
Dövlət Komissiyası Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilən Azərbaycan hərbçilərinin qaytarılması barədə məlumat yayıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilən Azərbaycan hərbçilərinin qaytarılması barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan hərbçiləri - İbrahimov Mübariz Ağakərim oğlu və Əhmədov Fərid Güloğlan oğlunun meyitləri bu gün qarşı tərəfdən alınıb.

Həmin gün 18 iyun 2010-cu il tarixdə Tərtər cayından tapılmış erməni meyidi qarşı tərəfə qaytarılıb. İdentifikasiya prosesində meyitin Ağdərə rayonu, Maqadis kənd sakini, 1924-cü il təvəllüdlü Arustamyan Qavruşa Xaçaturoviçə aid olduğu müəyyənləşdirilib.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Azərbaycan Ordusunun 22 yaşlı giziri Mübariz İbrahimov iyunun 18-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi istiqamətində hücumunu dəf edərkən, bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına həlak olub. Ermənistan tərəfi indiyədək İbrahimovun meyitinin onlardan olduğunu təkzib edirdi.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Sentyabrın 4-də Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycan Ordusunun zabiti Fərid Əhmədov öldürülüb.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər.

Noyabrın 4-də Azərbaycan erməni tərəfinə intihar edən hərbçi Manvel Sarıbekyanı təhvil verib, Ermənistan isə Azərbaycan vətəndaşı Eldar Tağıyevi girovluqdan azad edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti