Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Tariverdiyeva/
Erməni politoloq Stepan Qriqoryan hesab edir ki, Azərbaycan uğura bütün şansları olan ölkədir.
"Azərbaycan kimi belə intellektual potensiala malik ölkənin uğur qazanmaq üçün hər cür şansı var", - Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Qriqoryan cümə axşamı Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan və Şərq tərəfdaşlığı: Regional çağırışlar və yeni imkanlar" adlı Cənubi Qafqaz təhlükəsizlik forumunda bildirib.
Onun sözlərinə görə, belə görüşlər cəmiyyətlər və hökumətlər arasında əks əlaqələr üçün vacibdir.
"Ölkələrimiz çağırışlar qarşısında durublar və mən Dağlıq Qarabağ münaqişəsini mürəkkəb hesab etmirəm və onun uzun müddətə həll olunacağını düşünmürəm. Cənubi Qafqazın bütün ölkələrində təhdidlərə müxtəlif baxışlar var. Və bizim gələcəyimizi ayıran çoxlu sayda amillər də mövcuddur", - politoloq qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Onun sözlərinə görə, erməni-türk dialoqu başlayanadək Ermənistanın başlıca problemi Türkiyə ilə idi. Qriqoryan hesab edir ki, Azərbaycan isə xarici düşməni olmayan daha çevik ölkədir.
Erməni politoloqun sözlərinə görə, Ermənistanın da daxil olduğu KTMT təhlükəsizliyin təmin olunması üçün o qədər də səmərəli format deyil. "Azərbaycan isə NATO ilə çalışır və strateji gələcəyini Türkiyə ilə bağlayır", - o, qeyd edib.