...

Yaxın zamanlarda Azərbaycanın işğal olunmuş əraziləri azad olunacaq - birinci vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2010 12:26 (UTC +04:00)
Azərbaycan Parlamentinin birinci vitse-spikeri bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunacağı gün çox uzaqda deyil.
Yaxın zamanlarda Azərbaycanın işğal olunmuş əraziləri azad olunacaq - birinci vitse-spiker

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin birinci vitse-spikeri bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunacağı gün çox uzaqda deyil.

"Dəfələrlə qeyd etmişik və bu gün də bəyan edirəm ki, torpaqların azad olunması günü çox uzaqda deyil. Siz bunun şahidi olacaqsınız. Bu gün dünyada siyasi və hərbi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişir", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Əsgərov deyib ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi bitib.

"Müvəqqəti olaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yerləşdirilməsi müharibəni udmaq mənasına gəlmir. Bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır", -  birinci vitse-spiker qeyd edib.

Əsgərov deyib ki, sülh missiyasını üzərinə götürən Rusiya hələ də Ermənistanı silahlandırır.

"Bu, onun sülhyaratma missiyasına xələl gətirir. Dəfələrlə demişik ki, Rusiyanın Ermənistanı silahlandırmasının qarşısı alınmalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu hərbi yolla torpaqlarımızı işğaldan azad etməyə qadirdir", - Əsgərov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti