...

Ukraynanın Donetsk şəhərində Xocalı soyqırımına dair keçirilən tədbirdə Trend BİA-nın "Sözün bitdiyi zaman" sənədli filmi nümayiş etdirilib (FOTO,VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2011 15:21 (UTC +04:00)
Ukraynanın Donetsk şəhərində Xocalı soyqırımına dair keçirilən tədbirdə Trend BİA-nın "Sözün bitdiyi zaman" sənədli filmi nümayiş etdirilib (FOTO)
Ukraynanın Donetsk şəhərində Xocalı soyqırımına dair keçirilən tədbirdə Trend BİA-nın "Sözün bitdiyi zaman" sənədli filmi nümayiş etdirilib (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Hacıyev/

Xocalı soyqırımı tək Azərbaycan xalqına deyil, ümumilikdə türk dünyasına qarşı soyqırım siyasətidir. Trend-in məlumatına görə, bu fikir İslam Konfransı Təşkilatı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin birgə təşəbbüsü ilə Donetsk şəhərində keçirilən toplantıda səsləndirilib.

Donetsk vilayətinin rəsmi nümayəndələrinin, diaspor fəallarının, jurnalistlərin, yerli və xarici tələbələrin qatıldığı mərasimdə Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov çıxış edərək, ermənilərin son iki əsrdə Azərbaycanda həyata keçirdikləri soyqrım və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xocalı soyqırımını insanlığa qarşı bəşəri cinayət adlandıran Azərbaycanın Ukraynadakı səfirliyinin II katibi Fərid Babayev son illər Xocalıya ədalət kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirib.

Sonra tədbirə qatılanlar Trend Beynəlxalq İnformasiya Agentliyinin erməni vandalizmi haqqında çəkdiyi "Sözün bitdiyi zaman" sənədli filmini izləyiblər. Filmə baxdıqdan sonra qəhərlərini saxlaya bilməyən Donetsk vilayəti Azsaylı xalqlar üzrə komitənin sədri Natalya Ustimenko, Ərəb diasporunun sədri Ehsan Rufaş və digər çıxış edənlər beynəlxalq təşkilatların və dünya birliyinin belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi haqsızlıq kimi səciyyələndiriblər.

"Ermənilər Azərbaycana qarşı həyata keçirdikləri soyqırım və işğalçılıq siyasətindən əl çəkməsələr, səbr kasası dolmuş dünya azərbaycanlılarının tapdağı altında qala bilərlər". Toplantıda bu bəyanatla çıxış edən Donetsk Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti təşkilatının rəhbəri Malik Pirverdiyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər gənclər vətənimizin sıravi əsgərləritək istənilən zaman silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər. İslam Konfransı Təşkilatı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər fevralın sonunda BMT-nin və ATƏT-in Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyası təşkil etməklə başa çatacaq

"Sözün bitdiyi zaman" sənədli filmi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi çərçivəsində TREND BİA tərəfindən hazırlanıb.

Filmin əsas süjet xətti uzun illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin tarixi xronologiyasına həsr olunub. Film erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edir. Filmdə ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan adamların fikirləri yer alıb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti