...

Xocalı soyqırımı Suriyada da anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2011 12:13 (UTC +04:00)
Azərbaycanın Suriyadakı səfirliyində Azərbaycan İcması nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə fevralın 24-də Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Xocalı soyqırımı Suriyada da anılıb

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın Suriyadakı səfirliyində Azərbaycan İcması nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə fevralın 24-də Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Bu barədə cümə axşamı Trend-ə səfirlikdən məlumat veriblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edilib və onların ruhuna dualar oxunub. Tədbiri səfir Mahir Əliyev giriş sözü ilə açaraq Xocalı faciəsi və Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib. Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törətdiklərini xatırladan Əliyev Azərbaycan xalqının başda Ermənistanın hazırkı prezidenti olmaqla, Xocalı hadisələrini törədənlərin etdikləri vəhşiliklərə görə mühakimə edilməsini tələb etdiyini və indiyə qədər onların cəzalandırılmamasından təəssüf hissi keçirdiyini qeyd edib.

Ölkəmizə qarşı təcavüzkar siyasət yürüdən Ermənistanın xarici ölkələrin təhriki və dəstəyi ilə Azərbaycan torpaqlarından gec-tez qovulacağını bildirən səfir beynəlxalq ictimaiyyətin, xüsusilə qonşu müsəlman dövlətlərinin Ermənistanın ölkəmizin əleyhinə həyata keçirdiyi iyrənc və təcavüzkar siyasətinə qarşı həmrəylik göstərməsinin zəruriliyini vurğulayıb.

Səfir Suriyadakı Azərbaycan İcmasının nümayəndələrinə müraciət edərək, Azərbaycan həqiqətlərinin Suriya cəmiyyətinə çatdırılmasında və bu istiqamətdə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasında daha aktiv iştiraka ehtiyacın olduğunu qeyd edib.

Mərasim iştirakçıları da Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşərək ermənilərin təcavüzkar siyasətinin və insanlıq əleyhinə cinayətlərinin cəzasız qalmamalı olduğunu vurğulayıblar.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti