Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xocalı soyqırımının 19-cu ildönümü anılıb.
Trend-in məlumatına görə, xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev başda olmaqla, Diplomatik Akademiyanın müəllim və tələbə heyəti tədbir zamanı Xocalı soyqırımının 19-cu il dönümü ilə bağlı yeni çəkilmiş "Məcburi köçkün Anar Usubovun həyat hekayəsi" filminə baxıblar.
Anım məraimində çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı XX əsrdə azərbaycanlılara qarşı törədilmiş ən amansız cinayətlərdən biridir və xalqın yaddaşından bu qətliam heç vaxt silinməyəcək. Xocalı soyqırımının, Dağlıq Qarabağda yerli əhaliyə qarşı aparılan etnik təmizləmə siyasətinin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğu bildirilib.
Tədbirdə filmin baş qəhrəmanı, 8 yaşında olarkən Xocalı soyqırımının şahidi olmuş Anar Usubov da iştirak edib.
Günün ikinci yarısında ADA-nın müəllim və tələbə heyəti "Xocalı" abidəsini də ziyarət ediblər.