...

Sərbəst yerdəyişməni Avropanın açar dəyəri hesab edən Sarkisyan azərbaycanlıların Qarabağa qayıtmasına şərait yaratmalıdır - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2011 12:58 (UTC +04:00)
Sərbəst yerdəyişməni Avropanın açar dəyəri hesab edən Serj Sarkisyan azərbaycanlıların Qarabağa qayıtmasına şərait yaratmalıdır.
Sərbəst yerdəyişməni Avropanın açar dəyəri hesab edən Sarkisyan azərbaycanlıların Qarabağa qayıtmasına şərait yaratmalıdır - politoloq

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

Sərbəst yerdəyişməni Avropanın açar dəyəri hesab edən Serj Sarkisyan azərbaycanlıların Qarabağa qayıtmasına şərait yaratmalıdır. Bunu cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Ermənistan prezidenti Serj Sarkisyan Sloveniyada səfərdə olarkən prezident Danilo Turkla birlikdə keçirdiyi mətbuat konfransında vacib bəyanat verdi. Onun dediyinə görə, sərbəst yerdəyişmə hüququ Avropanın açar dəyərlərindəndir. Azərbaycan və Türkiyəni bu açar dəyəri qəbul etməməkdə ittihamladı. Bu bəyanatın müəllifi Sarkisyanın tibbi-psixoloji problemi yoxdursa, verdiyi bəyanatı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi istiqamətində açar bəyanat hesab etmək olar", - Əhmədoğlu deyib.

Politoloqun fikrincə, DQ və ətrafındakı rayonlardan azərbaycanlıların deportasiya olunmasında, azərbaycanlıların öz torpaqlarına qayıtmasına icazə verilməməsində şəxsən iştirak etmiş Sarkisyanın bu paradoksal bəyanatını DQ münaqişəsinin dinc yolla tənzimlənməsinin həqiqi tərəfdarları, ATƏT MQ, BMT və İran da daxil olmaqla bəzi region dövlətləri DQ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesinin başlanması üçün istifadə edə bilərlər.

"Ermənistan prezidenti həm də Dağlıq Qarabağın azərbaycanlı və ermən icmalarının dialoqunu qadğan etmiş şəxsdir. Ermənilərin işğalı altında olan yeddi rayonun məcburi köçkünə çevrilmiş azərbaycanlıları sərbəst yerdəyişmə hüququndan istifadə edərək öz torpaqlarına baş çəkə bilərlər. Həm də Dağlıq Qarabağ azərbaycanlıları da Serj Sarkisyanın Avropa dünyası üçün açar dəyər hesab etdiyi yerdəyişmə hüququndan istifadə edərək öz daimi yaşayış məskənlərinə gedə bilərlər. Sarkisyanın bu bəyanatının digər mənası Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə çalışan vasitəçilər üçün çağırışdır. Ermənistanın prezidenti Dağlıq Qarabağın azərbaycanlı əhalisini və digər məcburi köçkünləri öz ev-eşiklərinə qaytarmaq istəyir. Əgər DQ azərbaycanlıları və digər məcburi köçkünlər öz ev-eşiklərinə qayıtmayacaqlarsa, bu, artıq vasitəçilərin bacarıqsızlığının və ya DQ münaqişəsinin dinc yolla tənzimləmək niyyətlərinin olmamasının göstəricisidir. Çünki Ermənistan prezidenti Sarkisyan hər şeyi çox aydın şəkildə bildirdi. Vasitəçilər özləri də Sarkisyanın bu sözlərinin həqiqiliyini yoxlaya bilərlər", - Əhmədoğlu əlavə edib.

Politoloq hesab edir ki, Sarkisyan Avropa üçün açar dəyər hesab etdiyi sərbəst yerdəyişmə hüququnun təsir gücünü DQ münaqişəsi regionunda özü bərpa etsəydi, daha faydalı olardı.

"Azərbaycanlıları ev-eşiklərindən didərgin salmaq, Xocalıda soyqırım törətmək, özgənin torpağına girmək Avropanın açar dəyərlərinə, o cümlədən xristianlığa daban-dabana ziddir. Sarkisyan bu bəyanatı elə şəraitdə verib ki, onu danmağa və ya təkzib etməyə imkanı yoxdur. Eyni zamanda, Sarkisyan dəfələrlə yeddi rayonun Azərbaycanın ərazisi olduğunu da bildirib. Həm də Sarkisyan siyasi münasibətlərdə şərtsiz və ya ilkin şərt qoyulmadan davranışın tərəfdarıdır. Serj Sarkisyan öz məntiqinə və verdiyi bəyanatlarına uyğun hərəkət etməli, azərbaycanlıların Azərbaycan torpaqlarına qayıtmasına şərt qoymamalıdır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun başlanmasına qoyduğu qadağanı ləğv etməlidir. Sərbəst yerdəyişmə hüququ DQ azərbaycanlıları üçün reallaşdırılmalıdır", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti