Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın işğal olunmuş ərazilərində aviareyslərin həyata keçirilməsi proseslərinin hamısı beynəlxalq səviyyədə ümumi qanunvericilik çərçivəsində həll olunmalıdır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
"Ölkələr arasında bu cür münasibətlərdə bir konvensiya var, yəni bunları tənzimləyən qanunlar var. Ermənistan tərəfi bunları pozmaq üçün addımlar atır, amma əvvəl-axır bu qanunlar çərçivəsində tənzimlənmə olmalıdır", - Məmmədov əlavə edib.
Ermənistan tərəfi Xankəndi şəhərində aeroport açmağı planlaşdırır. Prezident Sarkisyan deyib ki, Xankəndindən uçacaq təyyarənin ilk sərnişini olacaq.
Bir müddət əvvəl "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.