Azərbaycan , Bakı , 27 may /Trend, müxbir S.Ağayeva /
Nizami kazak qoşunu heç vaxt Dağlıq Qarabağda döyüşməyib. Bunu Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Viktor Mereşkin bildirib.
"Nizami kazak qoşununun heç bir nümayəndəsi heç vaxt Dağlıq Qarabağda döyüşməyib", - Mereşkin cümə günü Trend-ə Ermənistan KİV-inin işğal olunmuş Dağlıq Qarabağ ərazisində döyüşlərdə həlak olmuş Kuban kazaklarının xatirəsinə abidə qoyulacağı barədə məlumatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, ermənilər müxtəlif vaxtlarda Ermənistanda kazakların şərəfinə altı abidə qoyublar, lakin onların açılışına nizami kazak qoşununun hətta bir nümayəndəsi belə getməyib. "Bunların hamısı ermənilərin uydurmasıdır", - ataman bildirib.
Mereşkinin sözlərinə görə, Ermənistanda Mais Mirzəyanın rəhbərlik etdiyi Ermənistan-Rusiya Kazak İttifaqı fəaliyyət göstərir, lakin bu strukturun heç bir üzvü slavyan soyadına malik deyil. "Bunlar necə kazaklardır, siz özünüz fikirləşin?", - ataman deyib.
Mereşkin xatırldıb ki, Kuban Kazak Qoşununu atamanı Vladimir Qromov hələ 1993-cü ildə Azərbaycan rəhbərliyinə müraciət edərək kazakların Dağlıq Qarabağda döyüşmədiklərini rəsmən bəyan etmişdi.
"Bir vaxtlar ermənilər yazırdılar ki, Soçidə Andronikin abidəsi qoyulacaq. Onda mən bu məsələ ilə bağlı yerli atamanlara zəng vurdum, onlar cavab verdilər ki, onların özlərinin qəhrəmanları çoxdur və erməniyə abidə qoymağa hazırlaşmırlar", - Mereşkin deyib.
"Rusiya və Ukraynanın bütün kazak qoşunları Azərbaycanı dəstəkləyir", - o, bildirib.
Azərbaycan Kazakları Həmyerlilər Birliyi Ədliyyə Nazirliyində 1994-cü il noyabrın 16-da qeydiyyatdan keçib. İttifaq ulu babaları kazak köklərinə malik olan və kazakların qayda və ənənələrini qəbul edən təxminən 1500 nəfəri birləşdirir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.