...

Ermənistan prezidentlərin Dovil bəyanatının məntiqinə uyğun olaraq silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına başlamalıdır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2011 14:49 (UTC +04:00)
Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dovil bəyanatının məntiqinə uyğun olaraq silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına başlamalıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi belə hesab edir.
Ermənistan prezidentlərin Dovil bəyanatının məntiqinə uyğun olaraq silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına başlamalıdır - XİN

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir S.Ağayeva/

Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dovil bəyanatının məntiqinə uyğun olaraq silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına başlamalıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi belə hesab edir.

Daxili məcburi köçkünlərin öz evlərinə qayıtmaları üçün imkanlar açmaq, regiondakı kommunikasiyaları bərpa etmək üçün bu addımı atmaq vacibdir. Bu barədə cümə günü Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Rusiya, ABŞ və Fransa prezidentləri Mevedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində [Dağlıq Qarabağ tənzimlənməsi üzrə] işi başa çatdırmağa çağırıblar.

Azərbaycan XİN-dən bildirildiyinə görə, qəbul edilmiş bəyanatda ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud vəziyyətində hazırkı status-kvonu əlverişsiz hesab edirlər. Bu barədə Azərbaycan tərəfi də dəfələrlə bəyan edib.

"Üç dövlət başçısının əsaslandığı sənədlər və prinsiplər dəfələrlə müzakirə olunub və onların hamısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi məsələsi prinsipial olaraq qoyulur. Nəticə etibarilə, Ermənistan tərəfi başa düşməlidir ki, dünya ictimaiyyəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə razılaşmayacaq",- Azərbaycan XİN-dən bildirilib.

"Azərbaycanın mövqeyi dəyişməzdir - erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması və daxili məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmaları gələcəkdə regionun statusunun Azərbaycan çərçivəsində müəyyən edilməsi məqsədilə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə yaşayışı üçün əlverişli şəraitin yaradılmasına doğru növbəti addımı atmağa imkan verəcək", - Azərbaycan XİN bəyan edir.

XİN təəssüflənir ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı dünya birliyinin dəqiq mövqeyinin olmasına baxmayaraq, Ermənistan hələ də müxtəlif yollarla bu prosesi ləngidir və bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına mane olur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti