...

Azərbaycanlı uşağın qətli böyük faciədir - Minsk qrupunun həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2011 13:20 (UTC +04:00)
Həyatda istənilən itki faciədir, uşağın öldürülməsi isə daha böyük faciədir.
Azərbaycanlı uşağın qətli böyük faciədir - Minsk qrupunun həmsədri

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Hacıyev/

Həyatda istənilən itki faciədir, uşağın öldürülməsi isə daha böyük faciədir. Trend-in məlumatına görə, bu barədə şənbə günü Bakıda ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye deyib.

"Azərbaycanlı uşağın öldürülməsi növbəti dəfə göstərdi ki, insidentlərin araşdırılması mexanizmi nə qədər faydalı ola bilərdi", - Fasye bildirib.

Onun sözlərinə görə, həmsədrlər bu mexanizmin həyata keçirilməsi üçün bir neçə yazılı variant təklif ediblər. "Biz hələlik tərəflərin reaksiyasını gözləyirik. Bu göstərir ki, mexanizmlər belə insidentlərin tez və dəqiq araşdırılmasına imkan verəcək", - Fasye deyib.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.

Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.
1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti