...

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin ilkin statistikası açıqlandı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2011 14:07 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin ilkin sayı 75 min nəfərdən çoxdur ki, onun da 29 mindən çoxu Şuşa sakini, 13 mini Xocalı, 11 mini Xocavənd, 15 mini Xankəndi şəhərindən məcburi köçkün düşmüş həmvətənlərimizidir.
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin ilkin statistikası açıqlandı

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin ilkin sayı 75 min nəfərdən çoxdur ki, onun da 29 mindən çoxu Şuşa sakini, 13 mini Xocalı, 11 mini Xocavənd, 15 mini Xankəndi şəhərindən məcburi köçkün düşmüş həmvətənlərimizidir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

Səfərov Dağlıq Qarabağın azərbaycanlı icmasının yekun sayının dəqiqləşdirilməsində problemlərin də olduğunu deyib.

"Ağdərə rayonu ləğv olunduğu üçün onun əhalisinin dəqiq sayı müəyyənləşdirilməyib. Bu yöndə də işlər davam etdirilir. Həmin əhali müxtəlif bölgələrdə məskunlaşıb. Ümumiyyətlə, sayın dəqiqləşdirilməsi prosesi çox mürəkkəbdir və vaxt tələb edir. Təsəvvür edin ki, icmanın üzvləri ölkəmizin demək olar ki, bütün rayonlarında məskunlaşıblar. Təkcə Şuşa sakinləri 59 rayonda, 220 yaşayış məntəqəsində məskunlaşıb", - Səfərov əlavə edib.

İcma sədri inanmır ki, erməni icmasının sayı azərbaycanlılardan xeyli çox olsun.

"Bilirsiniz ki, bir müddət əvvəl bir qrup ziyalı Dağlıq Qarabağa səfər etdi. Orada müxtəlif görüşlər keçirildi, həm də müşahidələr aparıldı. Ümümi fikrim bundan ibarətdir ki, hazırda erməni mənbələrinin Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə bağlı məlumatları həqiqətdən tamamilə uzaqdır. Münaqişə başlayandan sonra Qarabağdan ermənilərin əksəriyyəti çıxıb gediblər. Sonradan bu ərazilərə köçürülənləri nəzərə almasaq, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı o qədər də çox deyil. Çünki orada həyat səviyyəsi çox aşağıdır", - Səfərov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti