...

Dağlıq Qarabaq problemi BMT Baş Assambleyasının 66-cı sessiyasında müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2011 09:30 (UTC +04:00)
BMT Baş Assambleyasının 66-cı sessiyasının 16 sentyabr 2011-ci il tarixində keçirilmiş plenar iclasında sessiyanın gündəliyi qəbul edildi.
Dağlıq Qarabaq problemi BMT Baş Assambleyasının 66-cı sessiyasında müzakirə olunacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E. Əliyev/

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, BMT Baş Assambleyasının 66-cı sessiyasının 16 sentyabr 2011-ci il tarixində keçirilmiş plenar iclasında sessiyanın gündəliyi qəbul edildi. "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" və "GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" adlı bəndlər sessiyanın gündəliyinə salındı. Bu bəndlərin "Beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılması" mövzusu altında Assambleyanın plenar iclasında baxılması nəzərdə tutulur.

Ermənistan nümayəndəsi iclasın aparılma qaydası üzrə söz götürərək əvvəlki illərdə olduğu kimi ölkəsinin "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı bəndin gündəliyə salınması ilə bağlı ümumi razılığa qoşulmadığını bildirdi. Beləliklə, Ermənistan bu bəndi dəstəkləməyən yeganə dövlət oldu və öz təcavüzkar siyasətinin mahiyyətini və qeyri-konstruktivliyini növbəti dəfə nümayiş etdirdi.

Baş Assambleyanın 66-cı sessiyasının gündəliyinə həmçinin Azərbaycanın təklif etdiyi "Türkdilli ölkələrin Parlament Assambleyasının Baş Assambleyada müşahidəçi statusu" və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təklif etdiyi "Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş Assambleyada müşahidəçi statusu" adlı bəndlər salındı. Bu bəndlərə "Təşkilat, inzibati və digər məsələlər" mövzusu altında Assambleyanın hüquqi məsələlərlə məşğul olan Altıncı Komitəsində baxılması nəzərdə tutulur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti