...

Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır - AŞ PA prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 16:56 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır.
Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır - AŞ PA prezidenti

Fransa, Strasburq, 23 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında qurumun yeni prezidenti Jan-Klod Minyon (Jean-Claude Mignon) deyib.

"Mən belə düşünürəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna öz etimadımızı göstərməliyik", - o deyib.

Onun sözlərinə görə, mütəmadi olaraq Vyanada toplaşan və ABŞ, Rusiya və Fransanın həmsədr olduğu Minsk qrupunun mövcudluğu təqdirəlayiqdir.

"Mən tam əminəm ki, münaqişə Minsk qrupu çərçivəsində həllini tapacaq. Ümid edirəm ki, həm azərbaycanlı, həm də erməni dostlarımız bu Assambleyada indiyədək göstərdiklərindən də artıq sağlam mövqe nümayiş etdirəcəklər. Hesab edirəm ki, tərəflərin burada son illər ərzində göstərdikləri mövqelər bu qaydada davam edərsə, heç bir şeyə nail ola bilməyəcəyik", - AŞ PA prezidenti deyib.

O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd edib ki, hər kəs sağlam iradə və istəyini ortaya qoymalıdır. "Təcrübəmə əsaslanıb deyə bilərəm ki, bəzən bu və ya digər tərəfə sağlam düşüncənin aşılanması üçün daha ciddi mövqe sərgiləmək lazımdır. Bu, hamının marağına xidmət edə bilər", - Minyon deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti