...

Qaradağlı soyqırımına həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2012 15:15 (UTC +04:00)
Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin və www.garadaghli.org saytının cümə günü təqdimat mərasimi keçirilib.
Qaradağlı soyqırımına həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin və www.garadaghli.org saytının cümə günü təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı ermənilərin törətdiyi qətliamdan danışıb. O bildirib ki, ermənilər öldürülmüş və yaralanmış azərbaycanlıları quyulara tökərək üstünü torpaqlayıblar. Hüseynovun sözlərinə görə, girov götürülən azərbaycanlılardan 68 nəfər öldürülüb, 50 nəfər isə böyük çətinliklərlə sonradan əsirlikdən azad edilib.

O qeyd edib ki, girovluqdan azad edilən soydaşlarımızdan 18 nəfər ermənilərin verdikləri işgəncələrin törətdiyi fəsadlar nəticəsində vəfat ediblər.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxışında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb. O, Qaradağlı soyqırımına həsr olunmuş filmin digər dillərə tərcümə olunaraq xaricdə yayımlanmasına göstəriş verdiyini qeyd edib.

Təqdimat mərasimində Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev çıxış edərək bildirib ki, Azərbaycan nəinki işğal olunmuş torpaqları qaytaracaq, hətta 20 il bundan qabaq həmin torpaqlarda qətliam törətmiş və bunu təşkil etmiş insanları mühakiməyə cəlb edəcək. O qeyd edib ki, ermənilər Azərbaycana qarşı alman faşizmindən də çox-çox qəddar cinayətlər törədiblər.

"Alman faşistləri işğal etdiyi ölkələrin əhalisini milli mənsubiyyətlərinə görə qətlə yetirməyiblər, onları ata-baba yurdlarından qovmayıblar", - o deyib.

Tədbirdə soyqırımı yaşamış Qaradağlı sakinləri çıxış edib, üzləşdikləri faciələrdən danışıblar. Tədbir Qarabağ faciələri və vətənpərvərlik ruhunda olan şeirlərlə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti