...

Nazir müavini: Xocalı soyqırımı insanlıq əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayət aksiyasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 16:34 (UTC +04:00)
Penitensiar Xidmətdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Nazir müavini: Xocalı soyqırımı insanlıq əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayət aksiyasıdır

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Penitensiar Xidmətdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin və sovet qoşunlarının 366-cı motoatıcı alayının Xocalının dinc sakinlərini - qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirməsindən, faciənin səbəb və nəticələrindən ətraflı danışıb.

O bildirib ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsi olmaqla yanaşı, həm də bütün insanlığın əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayət aksiyasıdır.

Quliyev vurğulayıb ki, yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi mümkün olub.

Xidmətin rəisi Prezident İlham Əliyevin inamla həyata keçirdiyi uğurlu siyasətin Azərbaycanın milli maraqlarına xidmət etdiyini bildirib.

O deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verən dövlətimizin başçısı, lazım gələrsə, bütün vasitələrdən istifadə olunacağını, ərazi bütövlüyümüzun mütləq bərpa ediləcəyini, Azərbaycanın öz ədalətli mövqeyindən heç vaxt geri çəkilməyəcəyini daim qətiyyətlə vurğulayır.

Tədbirin sonunda Xidmət əməkdaşları faciənin dəhşətlərini özündə əks etdirən "Xocalı soyqırımı" adlı sənədli filmə tamaşa ediblər.

Xəbər lenti

Xəbər lenti