...

MTN-in Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 17:27 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
MTN-in Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

MTN-in ictimai əlaqələr mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev Xocalı faciəsinin erməni millətcilərinin tarixən türk xalqlarına qarşı həyata keçirdikləri soyqırımın tərkib hissəsi olduğunu bildirib, bunun insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu qeyd edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dinc sakinləri, körpələri, qadınları, qocaları vəhşicəsinə qətlə yetirməsi, bu dəhşətli hadisənin səbəb və nəticələri barədə ətraflı danışıb.

"Xocalı faciəsinə gedən yol Qaradağlı, Malıbəyli, Quşçular, Meşəli qırğınlarından keçir. Əvvəlcə bu kəndlər yandırılaraq yer üzündən silinib, dinc sakinlər yaşına və cinsinə məhəl qoyulmadan amansızcasına qətlə yetirilib", - rəis müavini deyib.

Allahverdiyev vurğulayıb ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi mümkün olub. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə yardım göstərilməsi barədə qəbul olunmuş fərman və sərəncamlar bu insanların xatirəsinə böyük ehtiram və diqqətdir.

Natiq çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşasına yönəlmiş uğurlu addımlar öz bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Son illərdə "Xocalıya Ədalət" beynəlxalq tədbirlər çərçivəsində çox səmərəli fəaliyyət həyata keçirilir, artıq dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır.

Bu günlərdə Pakistan İslam Respublikası Senatının və Meksika parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanıması, bu barədə 51 ölkənin parlamentlərini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının VII sessiyasında "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı qəbul olunmuş qətnaməyə xüsusi bir bəndin əlavə edilməsi də Azərbaycan diplomatiyasının uğurlarındandır.

Allahverdiyev həmçinin qeyd edib ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov kursantların, ümumən gənc əməkdaşların müstəqillik və dövlətçilik, Vətənə və anda sədaqət ruhunda tərbiyə edilmələrinə, yüksək fiziki və döyüş hazırlığına malik olmalarına, müasir biliklərə və xüsusu peşəkarlıq vərdişlərinə yiyələnmələrinə böyük önəm verir.

Sonda Allahverdiyev Akademiyanın zabit, dinləyici və kursant heyətini Prezident İlham Əliyevin əmri ilə itirilmiş torpaqların geri qaytarılması uğrunda mübarizəyə hər an hazır olmağa çağırıb.

Tədbirdə çıxış edən Akademiyanın dinləyicisi leytenant Rəşad Nadirov və kursant Nurlan Babazadə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarına, bütün Azərbaycan gəncləri kimi, Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərinə, dövlətçiliyimizin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərinə söz veriblər. Onlar Ali Baş Komandanın hər bir əmrini dərhal və dönmədən yerinə yetirəcəklərini bildiriblər.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti