Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E. Əliyev/
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı müəyyən edilmiş tədbirlər planına uyğun olaraq 24 fevral tarixində Amsterdam şəhərində Yahudilərin Soyqırımı Muzeyində, Niderland Krallığında müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, habelə digər ölkələrin vətəndaşı olan Azərbaycanlıların, dövlət orqanları, parlament və hökümət üzvlərinin, siyasi partiya və qeyri hökümət təşkilatları nümayəndələrinin iştiraki ilə "Xocalı azərbaycanlı uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirildi. Bu barədə Trend-ə BAK mətbuat mərkəzindən məlumat verilib.
BAK Azərbaycanlı uşaqları müxtəlif hədiyyələrlə mükafatlandırdı. Sərgidə Vahid Mustafayevin "Yaddaş" filmi nümayiş etdirildi. Film yerli və xarici tamaşaçılarda yüksək maraq oyatdı. Tədbirdə Azərbaycanın Hollandiyadakı fövqaladə və səlahiyyətli səfiri Fuad İskəndərov çıxışı zamanı bildirdi ki, Azərbaycan xalqının əsas məqsədi Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır.
BAK sədri Sahil Qasımov öz növbəsində qeyd etdi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız qarşıda duran bütün vəzifələrin öhtəsindən layiqincə gələcək.
Təqdirəlayiq haldır ki,son dövrlər ərzində Benilüks ölkələrində yaşayan azərbaycanlıların ictimai-siyasi fəallıq səviyyəsi xeyli yüksəlmişdir. Bu gün azərbaycanlı icmaları yaşadıqları ölkələrdə baş verən mühüm hadisələrə dair öz mövqeyini bildirir, seçkilərdə fəal iştirak edir, siyasi partiyalar və qeyri hökümət təşkilatlarında təmsil olunurlar. Bütün bu uğurların əsasında Azərbaycana layiqincə xidmət arzusu dayanır.