...

Kolumbiya Senatı Xocalı faciəsini soyqırım kimi tanıyıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2012 16:37 (UTC +04:00)
Kolumbiya Senatında Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib.
Kolumbiya Senatı Xocalı faciəsini soyqırım kimi tanıyıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Kolumbiya Senatında Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

"Kolumbiya Senatında qərar yekdilliklə qəbul olunub. Həmin qərara əlavədə Azərbaycana qarşı təcavüskar siyasətin tarixi haqqında məlumat verilib. Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətarafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indiyə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılması barədə bildirilib", - Abdullayev deyib.

Onun sözlərinə görə, qərarda, həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulması barədə məlumat verilib və qətiyyətlə pislənilib.

"Bununla yanaşı, qərarda önəmli bir fakt - Xocalıda baş vermiş cinayətlər soyqırım adlandırılıb. Bu o deməkdir ki, Latın Amerıkasında Meksikadan sonra növbəti bir ölkə - Kolumbiya Xocalıda baş vermiş hadisələri soyqırım kimi qiymətləndirib. Qərar Senata çıxmamışdan əvvəl Kolumbiyanın Xarici işlər və müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edilib", - Abdullayev bildirib.

O əlavə edib ki, 102 senatorun iştirakı ilə yekdilliklə qəbul olunan bu qərar Azərbaycan diplomatiyasının dünyada Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində növbəti uğurlu addımıdır.

"Biz bundan sonra da bu sahədə işləri davam etdirəcəyik. Bu istiqamət bizim üçün çox önəmlidir", - XİN rəsmisi deyib.

Qeyd edək ki, artıq dünyanın bir sıra dövlətlərinin parlamentləri, o cümlədən Meksika Senatı, Pakistan Senatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin pisləndiyi, Dağlıq Qarabağda, Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi qeyd olunan qətnamələr qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti