...

Aqşin Mehdiyev: Biz Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün istənilən fürsətdən istifadə edəcəyik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2012 09:09 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri Aqşin Mehdiyev mətbuat konfransında çıxış edərək TŞ-nin may ayı üçün planlaşdırılan fəaliyyəti barədə məlumat verib.
Aqşin Mehdiyev: Biz Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün istənilən fürsətdən istifadə edəcəyik

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.Əliyev/

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri Aqşin Mehdiyev mətbuat konfransında çıxış edərək TŞ-nin may ayı üçün planlaşdırılan fəaliyyəti barədə məlumat verib. Daha sonra səfir media nümayəndələrinin suallarını cavablandırıb.

Suriyada vəziyyət haqqında suala cavab verərkən Mehdiyev qeyd edib ki, bu məsələdə əvvəlcədən nəsə proqnozlaşdırmaq çətindir.

"Təhlükəsizlik Şurası "Annan planı"na dəstəkdə birfikirlidir. Biz gözləyirik ki, Kofi Annan Suriya problemi üzrə gələcək iclasda bizə həm yenilənmiş məlumatı, həm də Suriyadakı vəziyyət barədə təəssüratlarını təqdim edəcək", - Mehdiyev deyib.

Azərbaycanda mətbuatın azadlığı haqqında suala cavab verərkən daimi nümayəndə deyib ki, sualı verən jurnalistə müxalifət qəzetlərinin vebsaytlarının adlarını verə bilər. Səfirin sözlərinə görə, istənilən insan bu saytlara baş çəkərək onların hər hansı bir senzura ilə rastlaşmamalarından əmin ola bilər.

"Siz özünüz, mənim köməyim olmadan, bundan əmin ola biləcəksiniz", - Mehdiyev bildirib.

Onun sözlərinə görə, məsuliyyətlə söz azadlığını qarışdırmaq lazım deyil.

"Cinayət törətdiyinə görə cəzasını çəkən şəxs birdən jurnalist olduğunu və ya siyasi mövqelərə görə təqib edildiyini elan edirsə, bu onu məsuliyyətdən azad etmir", - səfir qeyd edib.

BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizəyə həsr edilmiş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı haqqında sualı cavablandıran Mehdiyev bildirib ki, dövlət başçısı bu mövzuya xüsusi diqqət ayırır.

"Azərbaycan Prezidenti sabah baş tutacaq görüşə sədrlik edəcək. Bizim ölkəmiz 90-cı illərdən başlayaraq bir neçə dəfə terrorizmin təzahürləriylə rastlaşıb. Biz hətta bu gün vaxtaşırı Azərbaycanda terror aktlarının keçirilməsi cəhdləri ilə qarşılaşırıq. Ölkəmiz terrorçuluğa qarşı koalisiyanın aktiv iştirakçısıdır. Biz bu məsələdə müttəfiq və tərəfdaşlarımızla fəal əməkdaşlıq edirik", - Mehdiyev deyib.

"The Wall Street Journal" jurnalistinin İsrailin İrana qarşı əməliyyatda Azərbaycanda yerləşən hərbi obyektlərdən mümkün istifadəsi barədə yayılmış xəbərləri haqqında sualı cavablandırarkən daimi nümayəndə bildirib ki, Azərbaycan hərbi sahədə bir çox ölkələrlə əməkdaşlıq edir, lakin ölkəmizin prinsipial mövqeyi dəyişməz olaraq qalır.

"Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, ölkəmizin ərazisində xarici hərbi baza yoxdur", - səfir vurğulayıb.

Jurnalistlərdən biri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı məsələni TŞ-də müzakirəyə çıxarmağa hazırlaşıb-hazırlaşmadığı barədə sual verib.

"Bu məsələ daima gündəliyimizdədir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün istənilən fürsətdən istifadə edəcəyik. Lakin hələlik mən bu məsələnin BMT TŞ gündəliyinə salınması barədə Azərbaycan hökumətindən göstəriş almamışam", - Mehdiyev cavab verib.

Mayın 1-dən Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir. O estafeti aprelin 1-dən TŞ-yə sədrlik edən ABŞ-dan alıb və bir aydan sonra Çinə təqdim edəcək.

2011-ci ilin oktyabrında Azərbaycan öz tarixində ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib. 2012-ci il yanvarın 1-dən respublika TŞ-yə qeyri-daimi üzv statusu alıb.

Xəbər lenti

Xəbər lenti