...

Dağlıq Qarabağın azərbaycanlı icması Suriyada yaşayan ermənilərin işğal altında olan ərazilərimizdə yerləşdirilməsinə etiraz edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2012 14:22 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması Suriyada yaşayan ermənilərin ölkəmizin işğal altında olan ərazilərində yerləşdirilməsinə etiraz bəyanatı yayıb.
Dağlıq Qarabağın azərbaycanlı icması Suriyada yaşayan ermənilərin işğal altında olan ərazilərimizdə yerləşdirilməsinə etiraz edib

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağın azərbaycanlı icması Suriyada yaşayan ermənilərin ölkəmizin işğal altında olan ərazilərində yerləşdirilməsinə etiraz bəyanatı yayıb.

"Son vaxtlar Suriyadakı vəziyyətlə əlaqədar rejimə dəstək verən ermənilər baş verəcək hadisələrin qorxusundan ölkədən qaçır, Ermənistanda isə onların Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilməsi məsələsi müzakirə olunmaqdadır", - Trend-in məlumatına görə, bu, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyinin qəbul etdiyi bəyanatda qeyd olunub.

Bəyanatda vurğulanıb ki, verilən məlumatlara görə, onların Qarabağda yerləşdirilməsi üçün "Yenidən məskunlaşma üzrə İctimai Şura" yaratmaq təşəbbüsü də irəli sürülüb və suriyalı ermənilərin işğal altındakı bölgələrdə düşərgə formasında məskunlaşdırılması təklifləri irəli sürülüb.

"Bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuş bu təşəbbüslər "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin iclasında geniş müzakirə olunub və qətiyyətlə pislənib. Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlılar, bu süni "məskunlaşdırma" siyasətini Azərbaycan Respublikasının Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycan torpaqlarında erməni tərkibinin süni şəkildə artırılması təşəbbüslərini məqsədyönlü addım kimi qiymətləndirir. Yəni, Ermənistan hakimiyyəti belə hesab edir ki, Suriya ermənilərinin Qarabağa köçürülməsi bölgənin milli tərkibinə müəyyən qədər təsir göstərə bilər ki, bu isə erməni millətçilərinə Qarabağda ermənilərin azərbaycanlılardan guya daha çox olduğunu əsas gətirərək, müxtəlif iddialarla çıxış etmək imkanı verə bilər", - bəyanatda qeyd olunub.

Bəyanatda daha sonra vurğulanır ki, Suriyadan köç edən ermənilər daha çox kasıb və ya orta təbəqədən olan insanlardır.

"Bu səbəbdən, Azərbaycan ərazilərini 20 ildir ki, işğal altında saxlayan və xalqı səfalət içində yaşadan Ermənistan hakimiyyəti hesab edir ki, Suriyadan qaçan ermənilər Dağlıq Qarabağa köçürülə və orada məskunlaşdırıla bilər. Bu baxımdan Qarabağa köçən Suriya ermənilərinə isə Ermənistan hökuməti tərəfindən müəyyən güzəştlər və yardımlar edilir.
Biz hesab edirik ki, Ermənistan özünün belə qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərini və icmalar arasındakı dialoq imkanlarını da heçə endirir.
Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Hesab edirik ki, Ermənistanın mövcud status-kvonu imkan qədər uzatmaq və öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə əvvəllər də müxtəlif vaxtlarda bəzi ölkələrdən, eləcə də son zamanlar Suriyadan ermənilərinin Qarabağa köçürülməsi təşəbbüsləri nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vurur" bəyanatda göstərilib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin süni "məskunlaşdırma" və işğalçılıq siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti