...

Mübariz Əhmədoğlu: ATƏT MQ-nin fəaliyyətinin Ermənistan tərəfindən iflic edilməsi tənzimləmədə BMT-ni ön plana çıxara bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2012 11:42 (UTC +04:00)
Ermənistan cəmiyyətində ATƏT MQ-nin ləğv edilməsi, Ermənistanın bu qurumun apardığı danışıqlardan çıxması ilə bağlı fikirlər son vaxtlar xeyli artıb.
Mübariz Əhmədoğlu: ATƏT MQ-nin fəaliyyətinin Ermənistan tərəfindən iflic edilməsi tənzimləmədə BMT-ni ön plana çıxara bilər

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan cəmiyyətində ATƏT MQ-nin ləğv edilməsi, Ermənistanın bu qurumun apardığı danışıqlardan çıxması ilə bağlı fikirlər son vaxtlar xeyli artıb.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Trend-ə bildirib ki, Ermənistan parlamenti Ramil Səfərovun ekstradisiyasını müzakirə edərkən çıxardığı qərarın 3-cü maddəsi ATƏT MQ-nin fəaliyyətini hüquqi baxımdan heçə endirir.

"Ermənistan parlamenti rəsmi qərarı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyi ilə bağlı Ermənistanın mövqeyini qanuniləşdirdi. Bu isə ATƏT-in Minsk qrupunun mandatına və mahiyyətinə ziddir. ATƏT MQ-nin əsas funksiyası Dağlıq Qarabağın statusunu müəyyənləşdirməkdir və bu məsələ onun monopoliyasındadır. Heç bir tərəf ATƏT MQ-nin rəsmi icazəsi olmadan Dağlıq Qarabağın statusuna təsir göstərən addımlar ata bilməz. Ermənistanda isə həm ictimai rəyi buna doğru yönəldirlər, həm də bu məsələni qanuniləşdirdilər. Ermənistan Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində ATƏT MQ-yə ehtiyacının olmadığını ortalığa qoydu. Ermənistanın ATƏT MQ-ni oyundan kənarda saxlaması Azərbaycanın xeyrinədir. ATƏT MQ konsensus prinsipi ilə işlədiyi üçün Ermənistanın nazı ilə hesablaşmalı idi və bu səbəbdən tənzimləmədə irəliləyiş əldə edə bilmir", - politoloq əlavə edib.

Onun sözlərinə görə, konsensus mexanizmli vasitəçilik missiyasının Ermənistanın fəaliyyəti nəticəsində sıradan çıxması DQ münaqişəsinin tənzimlənməsində yeni mərhələ yaradır.

"BMT DQ münaqişəsinin tənzimlənməsi ilə məşğul ola bilər. BMT-də isə qərarlar həm qarışıq mexanizm üzrə qəbul edilir, həm də bu qurum arbitr statusu ilə çıxış etmək hüququna malik olan yeganə təşkilatdır. Azərbaycandan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə və inkişafına təminat almaqla BMT bu ərazilərin Azərbaycanın de-fakto tərkibinə qayıtmasını rəsmiləşdirə bilər", - politoloq deyib.

O, hesab edir ki, belə bir vəziyyətdə Ermənistan digər addımları atmağa məcbur olacaq.

"Konsensus prinsipi əsasında fəaliyyət göstərən vasitəçiliyi saxlamaq məqsədilə parlamentinin qəbul etdiyi qərarı dəyişməlidir. Snayperlərin geri çəkilməsi kimi hüquqi əsası olmayan, Azərbaycana psixoloji təzyiq etmək üçün nəzərdə tutulmuş təklifi geri götürməlidir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin praktiki mərhələsinin başlanmasına imkan verən "Böyük Sülh Sazişi"nin imzalanmasına razılıq verə bilər", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan praktiki tənzimlənməyə şərait yaradan "Böyük Sülh Sazişi" imzalayarsa, snayperlərin geri çəkilməsini praktiki mərhələnin başlanmasının ilk addımı kimi müzakirədən keçirmək olar.

"Ermənilərin ölkəni tərk etməməsi, ölkəyə investisiyanın gəlməsi üçün Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. Dağlıq Qarabağ münaqişəsi nizamlandıqdan sonra Azərbaycanın investisiyaları Ermənistanda yeni sosial-iqtisadi vəziyyət yarada bilər. ATƏT MQ-nin fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini tənzimləməklə bağlı aydın konsepsiyası mövcuddur və bu konsepsiya fəaliyyətdədir. Tək Ermənistanın daxilində deyil, regionda baş verənlər də Ermənistan üçün yaxşı heç nə vəd vermir. Yeganə söykəndiyi dövlət İran indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibəti dəyişməyə məcburdur. Ermənistan rəhbərliyinin vəziyyətdən çıxış yolu kimi yalnız bir addımı var: Dağlıq Qarabağ münaqişəsini qısa müddət ərzində həll etmək. Azərbaycanın isə regionda gedən proseslərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir etməsi üçün əlində xeyli imkanları və resursları mövcuddur", - Əhmədoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti