...

Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərə çağırış etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2013 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbirlər İ.İzzət, E. Mehdiyev/

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov ermənilərə çağırış edib.

Trend-in məlumatına görə, bu barədə jurnlistlərə Şuşanın ermənilər tərəfindən işğal edlməsinin 21-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarəti zamanı "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

İcmanın rəhbəri qeyd edib ki, Azərbaycanın işğal olunmuş torpaqları nəyin bahasına olursa-olsun azad ediləcək:

"Biz doğma torpaqlarımıza qayıtmalıyıq. İşğal olunmuş torpaqlarımız Ermənistan tərəfindən azad olunmalıdır. Bu, hələlik beynəlxalq hüquq normaları əsasında, sülh yolu olunmalıdır. Əgər bu mümkün olmazsa, Azərbaycanın bu gün müasir, güclü ordusu var, Azərbaycan xalqı öz müqəddəratını, problemlərini özü həll etməlidir. Lazım olarsa, xalqımız torpaqları döyüş yolu ilə azad edəcək. Ermənilər sadəcə vaxt udmaq üçün məqam axtrarırlar. Çünki onların bundan başqa yolları yoxdur".

Onun sözlərinə görə, bu gün dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bilir və qəbul edir.

Bununla yanaşı, icma rəhbəri Dağlıq Qarabağda yaşayan ermənilərə çağırış da edib:

"Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq. Qoy ermənilər eşitsin ki, Dağlıq Qarabağdakı ermənilər bizimlə yanaşı yaşaya bilərlər. 1992-ci ilə qədər orada yaşamış ermənilərin bundan sonra da Dağlıq Qarabağda yaşamaq haqları var. Çünki onlar da Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Mənim kimi onlar da Azərbaycanın şəxsiyyət vəsiqəsini alıb, Azərbaycan bayrağı altından keçib, Azərbaycanda yaşayıb, Azərbaycanda olan bütün imkan, güzəşt və imtiyazlardan istifadə edə bilərlər. Əgər istəmirlərsə, Ermənistan tərəfinə keçə bilərlər".

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü məsələsinə gəlincə, o bildirib ki, Azərbaycan tərəfi bu görüşü həmişə istəyib, erməni tərəfi isə daim bu görüşdən qaçır.

Səfərov əlavə edib: "Amma güman edirəm ki, onlar bu görüşü istəyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti