Azərbaycan, Bakı, 5 iyul / Trend, müxbir S.Əhmədova /
Macarıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq Əlaqələr İnstitutunda "Almaniyanın xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsi" adlı mühazirə təşkil edilib. Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib.
Məlumatda deyilir ki, tədbiri instutun elmi tədqiqatçısı, fəlsəfə elmləri doktoru Andraş Ratz açıb. Budapeştdə fəaliyyət göstərən Andraşi Universitetinin əməkdaşı, Qafqaz problemləri üzrə ixtisaslaşan gənc alim Filip Sigert Avropa İttifaqının ən nüfuzlu üzvlərindən birinin - Almaniya Federativ Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə həsr olunmuş elmi məruzə ilə çıxış edib.
Məruzədə münaqişənin tarixi və onu doğuran səbəblər, münaqişənin nizamlanması yolları, ATƏT-in Minsk qrupunun fəaliyyəti, iki ölkənin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar, son Madrid prinsipləri barəsində söz açan Filip Sigert Azərbaycanın geosiyasi baxımdan əhəmiyyəti və bu ölkənin enerji resurslarının Avropa üçün zəruriliyi məsələsi üzərində geniş dayanıb.
Almaniyanın regionda sabitliyin tərəfdarı kimi çıxış etdiyini bildirən natiq münaqişənin həlli üçün Rusiyanın mövqeyinin xüsusi ilə əhəmiyyətli olduğunu vurğulayıb. O, eyni zamanda tərəflərin münaqişəyə son qoymaqla bağlı qəti mövqeyinin də mühüm amil olduğunu diqqətə çatdırıb. Filip Sigert Ermənistan Respublikasının Azərbaycan vasitəsi ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrindən kənarda qalmasının bu ölkənin iqtisadiyyatı və yerli xalqın mövcudluğu üçün ciddi çətinliklər yaratdığını diqqətə çatdırıb.
Tədbirdə Macarıstanda akkreditə olunan diplomatik korpus üzvləri, xarici siyasət və enerji sahəsində çalışan mütəxəssislər, media təmsilçiləri, habelə Budapeştdəki Azərbaycan səfirliyinin nümayəndələri iştirak ediblər. Sonda Filip Sigert dinləyiciləri maraqlandıran suallara cavab verib. Onun "Almaniyanın xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsi" mövzusundakı məruzəsi bütünlükdə elmi obyektivliyi və tarixi faktların əsasən düzgün qiymətləndirməsi ilə diqqəti cəlb edib.