...

Əli Əhmədov: Minsk qrupunun həmsədrləri moldovalı ombudsmandan nümunə götürməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2013 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Dağlıq Qarabağ münaqişəsinin ədalətli beynəlxalq rezonansı artıq Ermənistanın sərhədlərini yararaq İrəvanda səslənir.

Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov hakim partiyanın rəsmi saytına bildirib:

"Moldovalı ombudsman Aureliya Qriqoriunun İrəvanda Ermənistanı işğalçı adlandırmasını ilk növbədə belə sərh edərdim. Həqiqətən xanım A.Qriqoriu çox cəsarətli hərəkət edib. Hər şeyi öz adı ilə səsləndirib. Həm də bunu Ermənistanın paytaxtında edib. Mən xanım A.Qriqoriunun cəsarətli hərəkətini hər şeydən əvvəl onun mənəvi qələbəsi sayıram. Bu, cəsarət və ədalətin təntənəsidir. Digər tərəfdən, Moldovalı ombudsmanın cəsarətli addımı bir çox beynəlxalq təşkilatların nümayəndələrinə, üçüncü dövlətlərin siyasətçilərinə xas olan Bakıda azərbaycanlıların, İrəvanda ermənilərin xoşuna gələn bəyanatlar səsləndirmək vərdişinə ölümcül zərbə vurub. Bu zərərli, münaqişənin həllini çətinə salan praktikadan nəhayət ki, əl çəkilməlidir".

Ə.Əhmədov qeyd edib ki, xanım A.Qriqoriudan ilk növbədə Minsk qrupunun həmsədrləri, ATƏT təmsilçiləri, beynəlxalq qurumların nümayəndələri nümunə götürməlidirlər: "Azərbaycan torpaqlarının işğalını və Ermənistanın işğalçı olduğunu etiraf etmədən münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil. 20 illik eksperimentin bir acı nəticəsi də budur. Hörmətli xanım A.Qriqoriu cəsarətli addım atdı. Növbə Minsk qrupunun həmsədrlərindədir".

YAP-ın sədr müavini bildirib: "Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər xanım Qriqoriunun cəsarətli hərəkətini erməni tərəfin ənənəsinə uyğun olaraq şantajla qarşılayıb".

Ə.Əhmədov İrəvanda ona təzyiqlər edilməsi, böhtanlar atılmasının ermənilərin davranış məntiqinə tam uyğun olduğunu bildirb. YAP-ın sədr müavini qeyd edib ki, Azərbaycan ictimaiyyəti, diaspor təşkilatları xanım Qriqoriunu erməni tərəfin həyasız təzyiqlərindən, şantaj və böhtanlarından qorumalı, ona mənəvi dəstək olmalıdır: "Yeni Azərbaycan Partiyasının gəncləri xanım A.Qriqoriuya dəstək aksiyasına başlayıb. Mən bunu alqışlayıram və hesab edirəm ki, təşəbbüs genişlənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti