...

Elman Abdullayev: Azərbaycanın ərazi bütövlüyünün bərpası danışıqlar prosesinin əsasını təşkil edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2013 18:35 (UTC +04:00)
Şavarş Koçaryanın səsləndirdiyi sonuncu bəyanat rəsmi Yerevanı gülməli vəziyyətə salır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryanın növbəti fikirlərini şərh edərkən deyib.
Elman Abdullayev: Azərbaycanın ərazi bütövlüyünün bərpası danışıqlar prosesinin əsasını təşkil edir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir S.Ağayeva/

Şavarş Koçaryanın səsləndirdiyi sonuncu bəyanat rəsmi Yerevanı gülməli vəziyyətə salır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryanın növbəti fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, özünün "ağıllı" siyasəti sayəsində ölkəni ağır və fəlakətli vəziyyətə salmış rəsmi Yerevanın digər dövlətə, xüsusilə Azərbaycana ağıl öyrətməyə mənəvi haqqı yoxdur:

"Görünür, Ermənistan tərəfi qərara gəlib ki, ATƏT-in Minsk qrupuna ağıl öyrətməyə və bu struktura öz fəaliyyətini hansı məcraya istiqamətləndirməyi göstərməyə haqqı var. Fikrimcə, rəsmi Yerevan amneziyadan müalicə olunmalı və xatırlamalıdır ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dəfələrlə öz bəyanatlarında mövcud status-kvonun qəbuledilməz olduğunu dəqiq və birmənalı şəkildə qeyd ediblər. Bu da mahiyyət etibarilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır".

E. Abdullayev bəyanatında qeyd edib ki, Minsk qrupunun əsas vəzifəsi təcavüzün və hərbi işğalın nəticələrini aradan qaldırmaq məqsədi ilə beynəlxalq hüquq normaları və prinsipləri əsasında Ermənistan-Azərbaycam münaqişəsinin nizamlanmasına yardım etməkdir və Azərbaycan, şübhəsiz ki, bu prosesin tərəfdarıdır.

XİN-in mətbuat katibi bildirib ki, bundan başqa, Azərbaycan və Ermənistan prezidentləri 2008-ci ildə Moskva bəyannaməsini imzalayıblar: "Bəyannamədə deyilir ki, münaqişə beynəlxalq təşkilatların qəbul etdiyi beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizamlanmalıdır".

E.Abdullayev hesab edir ki, "məşhur professor" isə Cənubi Qafqazı daha təcrübələrin keçirilməsi üçün laboratoriya kimi qəbul etməməlidir: "Söhbət bir dövlət tərəfindən digər dövlətin ərazisinin hərbi işğalının dayandırılmasından gedir. Ona görə də daha özünü məsum quzu kimi göstərmək lazım deyil. Beynəlxalq ictimaiyyət bu təcavüzə müvafiq siyasi və hüquqi qiyməti artıq verib".

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət üçün Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının qəbuledilməz olduğunu anlayan Ermənistan şüurlu şəkildə siyasi spekulyasiyalara əl atır və özünü aldatmaqla məşğul olur: "Belə yanaşma sülh prosesinə və Minsk qrupunun fəaliyyətinə zərər vurur. İşğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləridir və danışıqlar prosesinin əsasını Azərbaycanın bu ərazilər üzərində suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti