...

SAM-ın direktoru: Azərbaycan işğalçı Ermənistana qarşı cəzalandırma mexanizmini müttəfiqləri ilə həyata keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Dekabr 2013 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

"Əgər beynəlxalq qurumlar, ən əsası, BMT TŞ üzvləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər işğalçı Ermənistana qarşı cəzalandırma mexanizmini tətbiq etmirlərsə, o zaman Azərbaycan bunu öz müttəfiqləri ilə həyata keçirəcək. Azərbaycanın da cəzalandırma metodu Ermənistanı blokada vəziyyətində saxlamaqdır. Biz hər zaman demişik və deyirik ki, bunu bilərəkdən həyata keçiririk. Çünki heç bir dövlət onun ərazini işğal etdiyi dövlətlə münasibətlər qurmur". Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM-ın 2013-cü ildə fəaliyyətinə dair hesabatının təqdimatında bildirib.

SAM-ın direktoru qeyd edib ki, Ermənistanın iğşalçılıq siyasəti üzündən yaranmış bu vəziyyət uzun müddət davam edə bilməz. Onun fikrincə, Ermənistanın istər Gömrük İttifaqı, istərsə də digər təşkilatlarda hər hansı layihəyə qoşulması onun köklü problemlərini həll etməyəcək. Ermənistana sərmayələr gəlməyəcək, çünki onlara heç bir maraq yoxdur: "Azərbaycanın 10-15 il üçün gələcək inkişaf strategiyasına Ermənistandan başqa bütün bölgə dövlətləri qoşulub. Ermənistanın da çıxış yolu öz gələcəyini, inkişafını təmin etmək naminə bu layihələrə qoşulmaq və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq, öz ordusunu işğal etdiyi ərazilərdən çıxarmaq, sülh şəraitində müzakirələr aparmaqdan ibarətdir".

F.Məmmədov bildirib ki, Ermənistan tərəfi və onların himayəsində olan mərkəzlər Azərbaycanı aqressivlikdə, hərbi ritorika dilində danışmaqda, sərhədləri bağlamaqda ittiham edirlər. Azərbaycan isə bunlar qəbul etmir: "Qəbul etmədiyimiz məqamlardan biri də balanslaşdırılmış siyasət terminidir. Biz bunu aradan qaldırmaq istəyirik, çünki dünyada belə bir siyasət yoxdur.

Sərhəd məsələsində bizi yumşalmağa, hərbi ritorikadan əl çəkməyə çağıran dövlətlər - xüsusilə ABŞ, Rusiya, Fransa hər biri son illər ərzində dəfələrlə digər dövlətlərə qarşı silahdan istifadə ediblər, müharibələr aparıblar. Bizim də əlimizdə BMT TŞ-nin 4 qətnaməsi var ki, yerinə yetirilmir. Bizə irad tutulan "qapalı sərhədlər" məsələsinə gəlincə, qeyd edim ki, məsələn, İranın nüvə silahını özünə təhdid kimi görən ABŞ ona qarşı blokada siyasəti həyata keçirir, o cümlədən Kubaya qarşı. Biz də bir çox məsələlərdə məhz onların tətbiq etdiyi üsullardan istifadə edirik. Bu, kifayət qədər normal qarşılanmalıdır. Azərbaycan bu regionunun arxitekturasını təyin edən ölkələrdəndir. İnanıram ki, bu siyasət öz bəhrəsini verəcək".

Mərkəzin direktoru qeyd edib ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi mövzusu daim prioritet olan məsələlərdəndir. Lakin Ermənistan tərəfi bir çox hallarda bu mövzuda müzakirələrdən qaçır: "Biz bu münaqişə ilə bağlı bir çox kontekslərdə araşdırmalar aparırıq. Eyni zamanda, iki icma arasında bəzi sülhməramlı təşəbbüslərdə iştirak edirik. Əsas məsələ bu problemi gündəmdə saxlamaqdır. Çünki qarşı tərəf mövcud status-kvonu qorumağa, bu məsələyə dondurulmuş münaqişə donu geydirməyə çalışır ki, müəyyən dövrdən sonra daha əlverişli şəraitdə Dağlıq Qarabağın "müstəqilliyinin" tanıdılması istiqamətində addımlar ata bilsin. Azərbaycan tərəfi isə bu münaqişəni dondurulmamış, isti münaqişə kimi diqqət mərkəzində saxlamaq istəyir. Bir çox məsələlər, əlbəttə ki, rəsmilər səviyyəsində, prezidentlər, xarici işlər nazirləri tərəfindən müzakirə və həll olunur. Amma çox vacib və hər zaman problem hiss etdiyimiz beynəlxalq ictimaiyyət deyilən məfhum var. Bu məfhumun da böyük bir hissəsi beyin və araşdırma mərkəzlərindən ibarətdir. Biz də bu istiqamətdə öz töhfəmizi verməyə çalışırıq.

Bizə qarşı yüzilliklərlə formalaşmış erməni diasporu və təbliğat maşını var. Bizim isə qarşımıza cənab Prezident tərəfindən qoyulan bir vəzifə var - hücuma keçmək. Məhz bunun nəticəsidir ki, son dövrlərdə keçirilən görüşlərdə ermənilər bizimlə müzakirələrdən qaçırlar. Təkcə xarici ölkələrdə yox, digər konfranslarda bu məsələlərin müzakirəsindən böyun qaçırırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti