...

Ermənilərin daha bir təxribat xarakterli planı Finlandiyada ifşa edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 16:50 (UTC +04:00)
Finlandiya Azərbaycanlıları Assosiasiyası (FAA) ermənilərin təxribat xarakterli planını üzə çıxarıb.
Ermənilərin daha bir təxribat xarakterli planı Finlandiyada ifşa edilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Finlandiya Azərbaycanlıları Assosiasiyası (FAA) ermənilərin təxribat xarakterli planını üzə çıxarıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Finlandiyanın paytaxtı Helsinkidəki "Caisa" mədəniyyət mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı" adlı sərgi təşkil olunub.

Sərgidən öncə iştirakçılar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bundan sonra çıxış edən tədbirin təşkilatçısı FAA-nın sədri Vasif Muradlı qonaqlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtay isə öz çıxışında 22 il əvvəl törədilmiş Xocalı faciəsinin köklərinin əslində daha dərində olduğunu bildirib, ermənilərin əsrlər boyu türklərə qarşı kin-küdurət hissindən bəhs edib. O, gəncləri 2015-ci ildə qondarma "erməni soyqırımı"nın ildönümü ərəfəsində ermənilərin hər cür təxribatına qarşı ayıq-sayıq olmağa çağırıb.

A.Oqtay bildirib ki, iki gün öncə gənclərlə əməkdaşlıq edən beynəlxalq "Loesje" təşkilatının Finlandiyadakı şöbəsinin ("Loesje Suomi") adından məhz aprel ayında Ermənistanda təşkil ediləcək kurslara Finlandiyada təhsil alan azərbaycanlı və türk tələbələrin də dəvət edilməsi haqqında məlumat alıb. Tələbələrin elektron poçt ünvanlarına göndərilmiş dəvətdə diqqət çəkən məqam bütün xərclərin 70-100% ödənilməsi ilə bağlı olub.

O deyib ki, məlumat daxil olduqdan dərhal sonra FAA həmin təşkilata etiraz məktubu ünvanlayıb. Məktubda ermənilərin türklərə olan nifrət və düşmənçilik mövqeyi təşkilat rəhbərinə izah olunub. Həmçinin ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında foto və videomateriallar "Loesje Suomi" təşkilatının rəhbəri Maria Nordlunda göndərilib. Bundan əlavə, FAA 2013-cü ilin fevralında Fransa parlamentində Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın başına gələnləri əks etdirən materialları, 2013-cü ilin iyul ayında Moldova ombudsmanı Aureliya Qriqoriuya Ermənistan parlamentindəki çıxışına görə bu günə qədər dünya erməniləri tərəfindən təhdidləri sübut edən sənədləri "Loesje Suomi" təşkilatına təqdim edərək fin gənclərin Ermənistana getməsinin nə qədər təhlükəli olduğunu çatdırmağa çalışıb: "Azərbaycan və türk tələbələrinə dəvət göndərilməsi birbaşa onların həyatını təhlükə altında qoymaq deməkdir. FAA olaraq biz gənclərimizi təhlükədən qoruyaraq buna qəti etirazımızı bildiririk. Məhz Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində bu cür təxribat xarakterli dəvətnamələrin tələbələrimizə göndərilməsinə etiraz edir və pisləyirik".

O, Finlandiyada yaşayan və təhsil alan azərbaycanlı və türk gəncləri ayıq-sayıq olmağa çağırıb.

Tədbirdə iştirak edən Türkiyənin Helsinkidəki səfiri Adnan Başağa çıxış edərək türk tarixinin bu acı və kədərli səhifəsini daim diqqətdə saxlanılmasının vacibliyini bildirib: "Bu faciə Xatın, Liditsa, Oradur soyqırımları kimi bəşəriyyət tarixinə yazılmış qanlı olaylardan daha da dəhşətlidir".

Bu faktlara biganə yanaşmamağa, faciəni unutmamağa çağıran türkiyəli diplomat hesab edir ki, bu istiqamətdə daha səmərəli nəticələr üçün işlər gənclərə həvalə edilməlidir.

Finlandiyanın Tampere Universitetinin Tibb fakültəsinin müəllimi Doktor Minə Eray isə öz çıxışında erməniləri xərçəng xəstəliyinə bənzədərək, bəzən tibbin də yardım edə bilməyəcəyi xəstələrlə müqayisə edib.

Görüşün daha bir qonağı Osman Akkoyunlu gənclərə daha aktiv olmağı, tariximizi dərindən mənimsəməyi tövsiyə edib.

Çıxışlardan sonra geniş müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgidə Heydər Əliyev Fondu tərəfindən çap olunmuş Xocalı faciəsi haqqında kitablar, broşürlər, faciəni əks etdirən fotoşəkillər və sənədli film nümayiş etdirilib.

Sonda Avropa və Finlandiya parlamentlərinə Xocalı soyqırımının tanınması haqqında müraciət qəbul olunub. Avropa parlamentlərinə ünvanlanan müraciət eyni zamanda Finlandiyadakı xarici səfirliklərə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti