...

Niderlandda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər təşkil edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 17:00 (UTC +04:00)
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Niderland Krallığındakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları tərəfindən Niderlandın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil edilib.
Niderlandda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər təşkil edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Niderland Krallığındakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları tərəfindən Niderlandın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil edilib.

Azərbaycanın Niderlanddakı səfirliyindən Trend-ə verilən məlumata görə, Amsterdamda fəaliyyət göstərən nüfuzlu Holokost və Soyqırım Araşdırmaları üzrə Niderland Müharibə Sənədləşmələri İnstitutunun (NIOD) Holokost və genosid araşdırmaları üzrə meneceri xanım Nensi Adler, tədqiqatçı-direktor Peter Romijn, NIOD-un digər təmsilçiləri, eləcə də səfirliyin əməkdaşlarının iştirakı ilə adıçəkilən institutda Xocalı soyqırımı mövzusunda "dəyirmi masa" təşkil olunub.

"Dəyirmi masa" iştirakçıları qeyd ediblər ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Tədbir zamanı Xocalı qətliamında ermənilərin vəhşiliklərdən bəhs edən sənədlər NIOD nümayəndələrinə təqdim olunub. Həmçinin XX əsrin əvvəllərində ermənilər tərəfindən yəhudilərə qarşı Qubada törədilmiş soyqırım haqqında qarşı tərəfə məlumat verərək, məsələninin dərindən araşdırılmasının vacibliyi bildirilib və bununla bağlı müvafiq ədəbiyyatlar təqdim edilib. Azərbaycanın Niderlanddakı səfirliyinin Azərbaycanda törədilmiş soyqırımlarla bağlı NIOD ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, bu sahədə müvafiq birgə tədbirlərin mümkünlüyü müzakirə olunub.

Bundan əlavə, Xocalı həftəsi çərçivəsində Niderlandda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən də bir sıra tədbirlər keçirilib. Belə ki, Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Niderlandın müxtəlif şəhərlərində Xocalı faciəsi ilə bağlı toplantılar, nümayişlər təşkil olunub. İştirakçılara Xocalı soyqırımından bəhs edən fotoşəkillər, kitablar, broşürlər və digər təbliğat vasitələri paylanılıb.

Eyni zamanda, Benilüks Azərbaycanlıları Konqresi Hollandiya Türk Federasiyası ilə birgə Amsterdam, Haaqa, Eyndhoven, Rotterdam, Utrext, Tilburq kimi ümumilikdə 20 şəhərdə Vahid Mustafayevin soyqırımdan bəhs edən "Xoca" filmi tamaşaçılara nümayiş etdirilib.

Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə qarşısında "Xocalı faciəsi - Unutmayın, unutdurmayın!" adlı anım mərasimi keçirilib. Mərasimdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, dünyanın bu faciəni soyqırım kimi tanımasının vacibliyi vurğulanıb.

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi isə Haaqada fəaliyyət göstərən Nizami Gəncəvi adına məktəbdə "Əsrin faciəsi" adlı açıq dərs keçirib. Tədbirdə Niderland ictimaiyyətinin təmsilçiləri, şagirdlər və onların valideynləri, şəhid ailələri və başqaları iştirak ediblər. Qeyd olunanlarla yanaşı, "Ana Vətən" Birliyi Niderland parlamentinə Xocalı soyqırımı ilə əlaqədar petisiya təqdim edib.

Bununla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın Xocalı soyqırımının 22-ci ildnümü ilə əlaqədar bəyanatı, eləcə də səfirliyin hazırladığı press-reliz aidiyyəti təşkilatlara göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti