...

Əli Həsənov: Bu gün Dağlıq Qarabağ problemi regionun ciddi geosiyasi böhrana sürüklənməsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2014 22:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Qloballaşma dövründə istənilən ölkənin cəlb olunduğu münaqişə təkcə həmin ölkənin deyil, həm də ümumilikdə, regionun və dünyanın geosiyasi və təhlükəsizlik mühitinə mənfi təsir göstərir, ölkələrin müxtəlif yönlü maraqlarına zərbə vurur. Trend-in AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bakı Dövlət Universitetində (BDU) Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri" mövzusunda keçirilən konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrindən çıxış edərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

PA rəsmisi bildirib ki, hazırda rəsmi Bakı Azərbaycanın və ümumilikdə, regionun geosiyasi, geoiqtisadi maraqları və perspektivi baxımından, bütün münaqişələrin tezliklə, sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edir: "Lakin, eyni zamanda, "nə sülh, nə müharibə" vəziyyətinin də sonsuza qədər uzanmasına göz yuma bilməyəcəyi, "sülh danışıqları nəticəsiz yekunlaşacağı təqdirdə digər vasitələrlə öz beynəlxalq və milli haqlarını təmin edəcəyi" haqqında ara-sıra bəyanatlar səsləndirir. Əlbəttə, bu, beynəlxalq münasibətlərin hazırkı vəziyyətində ən doğru və optimal mövqedir. Hazırda Ermənistan dünya dövlətlərinin ikili siyasətindən, BMT-nin və ATƏT-in səmərəsiz fəaliyyətindən, Minsk qrupunun və həmsədr ölkələrin neçə illərdir ki, ciddi bir mövqe ortaya qoya bilməməsindən, dünyadakı erməni diasporunun aparıcı ölkələrin rəsmi siyasətinə göstərdiyi ciddi təsirdən, xarici qüvvələrin hərbi-iqtisadi dəstəyindən bəhrələnərək öz işğalçı siyasətindən əl çəkmək istiqamətində hər hansı ümidverici mövqe sərgiləmir".

Ə.Həsənov bildirib ki, bu gün Dağlıq Qarabağ problemi təkcə iki ölkə arasında yaşanan lokal münaqişə deyil, bütün regionun ciddi geosiyasi böhrana sürüklənməsidir və ayrı-ayrılıqda hər iki ölkənin sosial-iqtisadi inkişafı yolunda böyük maneədir: "Beynəlxalq iqtisadi institutların hesablamaları göstərir ki, münaqişənin mövcudluğu region ölkələrinin iqtisadiyyatına qoyulan xarici sərmayələrin həcmini dəfələrlə azaltmışdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər və nüfuzlu şirkətlər region ölkələri ilə iqtisadi əlaqələri möhkəmlətməyin əsas şərti kimi məhz "münaqişələrin sülh yolu ilə nizamlamasını və regionda sabitliyin qorunmasını" göstərirlər".

Ə.Həsənovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibət bildirən bütün nüfuzlu qurumlar və ekspertlər bu problemi "regionda sülh və sabitliyi ən çox təhdid edən real bir təhlükə" kimi xarakterizə etmişlər və etməkdədirlər: "İstər Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasındakı çıxışı zamanı, istərsə də sonrakı çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan Azərbaycan ərazilərinin rəsmi Bakının və beynəlxalq aləmin nəzarətindən çıxdığını, "nəzarətsiz və təhlükəli zonaya" çevrildiyini bəyan etmişdir. Bu isə həmin ərazidə beynəlxalq terrorizm, nəzarətsiz silah və narkotik qaçaqmalçılığı üçün əlverişli şərait yaradır".

PA rəsmisi bildirib ki, rəsmi Bakının hazırda xarici siyasətinin əsas istiqamətlərindən birini məhz dünya birliyinin bu problemə beynəlxalq hüquqa uyğun, konstruktiv və prinsipial yanaşmasını təmin etmək və onun köməyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq təşkil edir: "Keçən müddətdə bu istiqamətdə həyata keçirilən fəaliyyət nəticəsində Azərbaycan bu münaqişənin mahiyyətini açmış və dünya ölkələrinin ictimaiyyətinə çatdırmış, ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq faktını BMT TŞ-nin dörd qətnaməsində, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, NATO, İKT və s. qurumların sənədlərində əks etdirmişdir. Lakin, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur ki, həllini tapa bilməməsində dünyanın aparıcı dövlətlərinin və onların təmsil olunduğu qurumların ikili standartlar çərçivəsindəki yanaşmasının, yalnız deklarativ bəyanatlar verməklə kifayətlənməsinin, məsələyə seyrçi münasibət göstərməsinin xüsusi təsiri olmuşdur".

Onun sözlərinə görə, dünyanın əksər konfliktoloqları bu münaqişənin həllini yalnız sülh yolu ilə, ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində mümkün sayır və belə olacağı təqdirdə Azərbaycanın real geosiyasi imkanlarının daha da artacağını, onun regional lider statusunu daha da möhkəmləndirəcəyini proqnozlaşdırırlar.

Azərbaycanın bütün fəaliyyəti və geosiyasi addımları ilə Xəzər hövzəsində, həmçinin Cənubi Qafqazda sabitləşdirici rol oynayan bir ölkə olduğunu diqqətə çatdıran Ə.Həsənov deyib ki, bütün bu reallıqların, imkan və geosiyasi perspektivlərin bölgədə və dünyada Azərbaycana əlavə geosiyasi üstünlüklər qazandıracağı şübhəsizdir: "Bu gün dövlət müstəqilliyi möhkəmlənmiş və hərtərəfli inkişaf edən Azərbaycan həm özünün daxili məsələlərini uğurla həll etmək iqtidarındadır, həm də regionda, beynəlxalq aləmdə geosiyasi, geoiqtisadi və s. maraqlarını qorumağa, öz prinsipial mövqeyini müdafiə etməyə qadirdir. Artıq dünyanın əksər geosiyasi güc mərkəzləri Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verir və yerləşdiyi regionun bütün transmilli məsələlərinin həllində onun rəyini nəzərə alırlar. Bu geosiyasi vəziyyət və imkanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycanın mövqeyini gücləndirir ki, bu da ölkənin gələcək inkişafı haqqında nikbin ovqat yaradır".

Xəbər lenti

Xəbər lenti