Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/
Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikkardo Milyori ilə görüşüb.
Trend xəbər verir ki, görüşdə Bahar Muradova bildirib ki, rəsmi Bakının İtaliya ilə əlaqələri yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir çox məsələlərdə eyni mövqedən çıxış edir, bu da ikitərəfli münasibətlərin inkişafına öz təsirini göstərir.
Bahar Muradova Rikkardo Milyorinin ATƏT PA-ya sədrlik etdiyi illəri bu qurumun inkişafında əhəmiyyətli dövr kimi səciyyələndirib. Vitse-spiker qonağın həmin dövrdə bütün əhəmiyyətli beynəlxalq hadisələrə operativ münasibət bildirməsini, Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlanmasını və Azərbaycana qarşı həmişə obyektiv mövqedə olmasını yüksək qiymətləndirib və qeyd edib ki, onun timsalında Azərbaycanın İtaliyada böyük bir dostu var.
Bahar Muradova parlament diplomatiyasının əhəmiyyətinə də toxunub: "ATƏT-in məşğul olduğu regional münaqişələrin həllində səylər gücləndirilməli, konkret nəticələrə nail olunmalıdır".
Rikkardo Milyori isə Azərbaycanın sürətli inkişafından danışıb. O, Avropanın enerji təhlükəsizliyində ölkəmizin gündən-günə artan rolunu xüsusi qeyd edib.
Bundan əlavə, ATƏT PA-nın sabiq sədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bundan sonra da əlindən gələni edəcəyini diqqətə çatdırıb: "ATƏT ötən 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir əhəmiyyətli irəliləyişə nail olmayıb və bizi ən çox narahat edən məsələ insanların öz doğma yurd-yuvalarından didərgin düşməsidir. Çünki bu, birbaşa insan hüquqlarının pozulmasına aid məsələdir".
Söhbət zamanı Ukraynada baş verən hadisələr, ATƏT-in Azərbaycanda keçiriləcək növbəti sessiyası və digər mövzularda fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatı, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Çingiz Əsədullayev və digər rəsmi şəxslər iştirak ediblər.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun üzvləri ATƏT PA-nın sabiq sədri Rikkardo Milyori ilə görüşüblər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.