...

Bəxtiyar Sadıqov: Ermənistan atəşkəsi tez-tez pozmaqla daxili auditoriyanın gözündən pərdə asmağa çalışır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2014 18:24
Ermənistanın bir tərəfdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu qoruyub saxlamağa çalışması, digər tərəfdən isə atəşkəs rejmini tez-tez pozmaqla münaqişəni qızışdırması kimi məntiqsiz davranışı daxili auditoriyanın gözündən pərdə asmaq üçündür.
Bəxtiyar Sadıqov: Ermənistan atəşkəsi tez-tez pozmaqla daxili auditoriyanın gözündən pərdə asmağa çalışır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Ermənistanın bir tərəfdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu qoruyub saxlamağa çalışması, digər tərəfdən isə atəşkəs rejmini tez-tez pozmaqla münaqişəni qızışdırması kimi məntiqsiz davranışı daxili auditoriyanın gözündən pərdə asmaq üçündür. Bu barədə Trend-ə millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili qeyd edib ki, son dəfə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən hərbi təlimdə Azərbaycanın ən müasir texnologiyalara əsaslanan yeni silahlarının bir qismi nümayiş etdirildi: "Bundan başqa, sirr deyil ki, Rusiya 2 dəfə bir milyard dollardan çox vəsaitlə Ermənistanı silahlandırıb. Amma açıqlamalar göstərir ki, Rusiya Azərbaycana heç Ermənistanın yuxusunda görə bilməyəcəyi silahlardan da satıb. Bu da Ermənistanı narahat edir ki, axı məni pulsuz silahlandırıb, gücləndirirsən, Azərbaycana isə elə müasir silahlar satılır ki, onun qarşısında mənim müdafiəm çətinləşir".

Onun sözlərinə görə, digər tərəfdən, dünyada gedən proseslər Ermənistana heç də yaxşı gələcək vəd etmir: "Ermənistanın Gömrük İttifaqına qoşulmağa çalışması, əvvəlcədən Avropa İttifaqına söz verib sonra üzvlük sazişi barədə sənədi imzalamaqdan imtina etməsi və s. düşünülməmiş hərəkətləri Ermənistanın həm olmayan nüfuzuna ciddi zərdə vurdu, həm də onun etibarsız, vassal bir dövlət olduğunu dünyaya yenidən sübut etdi".

B.Sadıqov əlavə edib ki, bundan başqa, Ermənistanın daxilində iqtisadi vəziyyət elə bir hala gəlib ki, artıq əli-ayağı yer tutan, cibində bir az pulu olan erməni Ermənistanda qalmır, rüşvət verərək Ermənistandan gedir: "İndi hələ isti yay aylarıdır, qarşıdan isə soyuq, qarlı qış gəlir. Əgər Rusiya Ukrayna ilə bağlı hadisələr səbəbindən iqtisadi itkilərə məruz qalsa, Ermənistana nə havayı, nə də ucuz qaz verməyəcək. Qışda Ermənistanın vəziyyətinin necə olacağını isə artıq Ermənistranda qışlamış ermənilər yaxşı bilir".

Serj Sarkisyanın mənəvi silahının artıq bitdiyini deyən B.Sadıqov qeyd edib ki, Qarabağ kartı ilə hakimiyyətə gələnlər erməni millətini son nəfərinə qədər məhv etməyə razı olacaqlar, ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olmayacaqlar, çünki münaqişənin həlli də onların sonu deməkdir.

Millət vəkili bildirib ki, artıq S.Sarkisyanın heç bir nüfuzu qalmayıb və hər dəqiqə Ermənistanda çevriliş mümkündür: "Bütün bunlara görə indiki Ermənistan rəhbərliyi məcburdur ki, tez-tez atəşkəsi pozsun, özünü göstərsin ki, guya biz də varıq. Bu, Ermənistanın daxili auditoriyası üçündür ki, guya bizim silahımız var. Digər tərəfdən də Ermənistanın bir neçə diversiya qrupu cəbhə xəttini keçmək, təxribat törətmək istəyib, lakin Azərbaycan tərəfi onlara elə cavab verib ki, onlar hələ də özlərinə gələ bilmirlər. Bütün bu amillər məcbur edir ki, Ermənistan atəşkəsi pozmaq oyunu oynasın və diqqəti cəlb etsinlər ki, guya biz də ayaqdayıq. Bunun hamısı öz hakimiyyətlərini qorumaq üçün daxili oyunlardır, gözdən pərdə asmaqdır. Bunlar nə qədər çabalasalar da, proseslər Ermənistanın ziyanına işləyir və tezliklə biz bunları görəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti