...

Vahid Əhmədov: Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsinin səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

İndiyə qədər Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsinin səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Bu barədə Trend-ə millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili qeyd edib ki, baxmayaraq ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb, beynəlxalq ictimaiyyət hələ də buna göz yumur və Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etməkdən boyun qaçırır.

V.Əhmədov hesab edir ki, beynəlxalq aləmdə Azərbaycana bir qədər qısqanclıqla yanaşırlar, çünki Azərbaycan böyük uğurlar əldə edib, xüsusən son 10 ildə Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində daha sürətlə inkişaf edib: "Ermənistan isə faktiki olaraq tənəzzülə uğramış bir dövlətdir, ancaq himayədarları hesabına yaşayır".

Millət vəkili hesab edir ki, cəbhədəki son təxribatlar da siyasi oyunların nəticəsidir: "Görünür, bu təxribatları törətməklə Azərbaycana hansısa təzyiqlər göstərməyə çalışırlar ki, Azərbaycan hansısa şərtləri qəbul etsin. Ancaq bu, mümkün deyi, Azərbaycan müstəqil dövlət kimi özünü artıq dünyada nümayiş etdirir, güclü dövlətlərdən biridir və Azərbaycanın dövlət başçısının apardığı xarici siyasət tamamilə düzgün siyasətdir".

V.Əhmədov qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur: "Ancaq Ermənistan səhv mövqedədir, çünki bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın əraziləridir və Azərbaycan gec-tez sülh yolu ilə olmasa da, müharibə yolu ilə öz torpaqlarını geri qaytaracaq".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti