...

Ermənistan, gözün üstə qaşın var!

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Yanvar 2015 21:00 (UTC +04:00)
Heyvan quduranda onu öldürüb sonra yandırırlar ki, digər heyvanları və insanları yoluxdurmasın.
Ermənistan, gözün üstə qaşın var!

İlkin İzzət

Heyvan quduranda onu öldürüb sonra yandırırlar ki, digər heyvanları və insanları yoluxdurmasın.

Artıq üçüncü onilliyin sonlarına yaxınlaşan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla 20 faiz torpaqlarımız Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib, on minlərlə azərbaycanlı qətlə yetirilib, soyqırıma məruz qalıb, yüzminlərlə soydaşımız Ermənistandan və işğal edilmiş ərazilərdən qovularaq qaçqın və köçkün həyatı yaşamağa məcbur edilib. Azərbaycanın haqq səsini ucaltmasına baxmayaraq, beynəlxalq ictimaiyyət və təşkilatlar bu məsələdə əsasən seyrçi mövqeyi tutmaqla kifayətlənib, ya da özlərini guya bu problemi həll etməyə çalışırmış kimi göstərsələr də, işğalçıya "gözün üstə qaşın var" da deməyiblər.

Bundan ruhlanan ermənilər mövcud "status-kvo"nu qorumağa, əldə etdiklərini saxlamağa çalışır, hələ bütün bunlar azmış kimi, Azərbaycanı təqsirkar adlandırırlar. Erməni tərəfi cəbhədə, işğal edilmiş, eləcə də Azərbaycanla həmsərhəd ərazilərdəki mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini, o cümlədən mülki əhalini və obyektləri atəşə tutur, danışıqlara sadiq olduğunu nümayiş etdirən Azərbaycanı hər vəchlə təxribata sürükləmək istəyən Ermənistan cəbhədə tez-tez kəşfiyyat-diversiya qruplarının köməyindən istifadə edir, işğal edilmiş ərazilərdə nümayişkaranə şəkildə genişmiqyaslı hərbi təlimlər keçirir, öz doğma torpaqlarında əcdadlarının məzarlarını ziyarət edən mülki azərbaycanlıları həbs edərək onlarla hərbi əsir kimi davranır, onlara "məhkəmə" quraraq hökm çıxarır. Bu, bir daha onu göstərir ki, himayədarlarına güvənən Ermənistan bütün beynəlxalq hüquq normalarına tüpürərək, kor tutduğunu buraxmadığı kimi, öz işğalçı siyasətindən əl çəkmək niyyətində deyil.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl xalqa müraciəti zamanı qeyd etdiyi fikirlər də təsdiq edir: "Ancaq əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini tapmamışdır. Buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın. Bu il vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik. Rusiya, Amerika, Fransa - bu ölkələrin rəhbərləri ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirmişlər. Mən bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq Ermənistan bu görüşlərdə özünü səmimi aparmamışdır. Bundan əlavə, Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu təlimlərin bir məqsədi var idi - Azərbaycanı provokasiyaya çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz yay aylarında görmüşdük. O vaxt da erməni təxribatçı qrupları Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir. Bu ilin sonlarında da buna oxşar hadisə baş vermişdir. Yenə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu".

Biz ermənilərin cəbhə xəttində mülki əhalini, hətta uşaqları atəşə tutaraq onları qətlə yetirmələri, insanların dinc yaşamasına mane olmalarını çox görmüşük. Lakin 3 gün öncə ermənilərin uzun illərdən sonra ilk dəfə artilleriya silahlarından, minaatanlardan istifadə etməsi, bundan əlavə, Azərbaycan tərəfini ittiham edərək növbəti dəfə hədə-qorxu dolu bəyanatlara çıxış etməsi qudurğanlığın son həddinin göstəricisidir.

Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyi qəti şəkidlə bəyan edib ki, kəndlərin, dinc əhalinin, heç bir hərbi əhəmiyyət daşımayan obyektlərin Ermənistanın silahlı birləşmələri tərəfindən atəşə məruz qalması Azərbaycan tərəfindən qarşılıqsız qalmayacaq və bunun cavabı sarsıdıcı olacaq. Bunun məsuliyyəti isə tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşəcək.

Artıq müdafiə naziri general-polkovnik Zakir Həsənov bütün orduya tapşırıq verib ki, işğalçı düşmən Azərbaycan torpaqlarında özünü rahat hiss etməməli, torpaq hər an onların ayaqlarının altında od tutub yanmalıdır. Ordumuzun bu tapşırıqların icrası, eləcə də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün bütün lazımi tədbirləri həyata keçirəcəyinə heç kimin şübhəsi yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat verərək bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı birləşmələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir. İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Ermənistanda çox gözəl bilirlər ki, Azərbaycan dövləti, eləcə də onun Silahlı Qüvvələri son illər ərzində o qədər güclənib ki, ona bütün Ermənistanı diz çökdürməyə cəmi bir neçə gün yetər. Elə ona görə də qorxaq it hürən kimi, Ermənistan da belə təxribatlarla diqqəti özünə çəkməyə çalışır ki, ay haray, qoymayın, hərbi ritorika ilə çıxış edən Azərbaycan bizi məhv edəcək. Onların sözlərindən belə çıxır ki, biz nahaq yerə ermənilərə torpaqlarımızı işğal etməyə, soydaşlarımızı qırmağa, gəlib Bakıda bayraqlarını ucaltmağa, özlərinin sərsəm "dənizdən dənizə" ideyasının gerçəkləşməsinə mane olmuşuq.

Ermənistan rəhbərliyi həmçinin çox gözəl bilir ki, Azərbaycan və onun Silahlı Qüvvələri torpaqlarının işğaldan azad olunmasına təkcə sözdə deyil, əməldə də ciddi hazırlaşır və bu gün uzaqda deyil. Ermənilər onu da bilməlidirlər ki, ziyanın yarısından da qayıtmaq xeyirdir və nə qədər ki, vaxt və imkan var, dövlətlərinin mövcudluğu xatirinə onlar işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidirlər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, işğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər: "Sadəcə olaraq biz hələ ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə bilər və bu ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti