...

Ölkəmizin sürətli inkişafı qaçqın və məcburi köçkünlərin də həyatında özünü büruzə verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2015 17:53 (UTC +04:00)
Azərbaycan Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov fevralın 13-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib.
Ölkəmizin sürətli inkişafı qaçqın və məcburi köçkünlərin də həyatında özünü büruzə verir

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunu qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, əsasən ölkəmizdəki qaçqın və məcburi köçkünlərin ümumi vəziyyəti və gələcək əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılan görüşdə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinin əsasında qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Baş nazirin müavini bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var.

"Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlət yoxdur", - deyən Ə.Həsənov əlaqələrin məhz həmin tarixi kökə və qardaşlığa söykəndiyini diqqətə çatdıraraq qeyd edib ki, bu əlaqələrin hazırkı səviyyəyə gəlib çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri, Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olması önəmli əhəmiyyət kəsb edir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Ə.Həsənov bu sahədə də qardaş Türkiyənin dəstəyini yüksək qiymətləndirərək öz havadarlarına arxalanan Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyindən təəssüfləndiyini bildirib, bu münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu bir daha vurğulayıb. Bütün bunlara, dünyada cərəyan edən ictimai-siyasi proseslərin gərginliyinə, hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi balanslaşdırılmış siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf prosesinin getdiyini bildirən Baş nazirin müavini Azərbaycanda son illər ərzində güclü iqtisadi inkişaf fonunda sosial durumun xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin kifayət qədər yaxşılaşdığını da səfirin diqqətinə çatdırıb, bu sahədə işlərin indi də uğurla davam etdiyini bildirib.

Görüşdə, həmçinin Kəlbəcərə doğmalarının məzarlarını ziyarət etmək məqsədilə gedərkən Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü və Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən qondarma ittihamlarla "məhkəmə"yə çəkilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə qardaş Türkiyə tərəfinin biganə qalmadığına və bununla bağlı verdikləri dəstəyə görə də səfirə təşəkkürünü bildirən Ə.Həsənov Ermənistanın girovlarımıza qarşı davranışlarının dünyanın gözü qarşısında baş verdiyindən, hər zaman işğalçı Ermənistanın maraqlarını müdafiə edən beynəlxalq qurumların Azərbaycan tərəfinin müraciətlərinə obyektiv cavab vermədiklərindən təəssüfünü bildirib.

Səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən diplomat bütün sahələr üzrə əməkdaşlığın, o cümlədən humanitar əməkdaşlığın inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayaraq bundan sonra da mövcud imkanlardan səmərəli istifadə olunacağına əminliyini bildirib, bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti