...

Mitya Bervar: Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2015 18:24 (UTC +04:00)
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mitya Bervar: Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, görüşdə O.Əsədov bildirib ki, Azərbaycan Sloveniya ilə əlaqələrin inkişafında maraqlıdır: "Münasibətlərimizin dərinləşməsində dövlət başçılarımızın qarşılıqlı səfərləri və aparılan danışıqlar mühüm rol oynayıb".

Bu günə qədər ölkələrimiz arasında 12 sənəd imzalanıb, 8 sənəd layihəsi isə baxılmaq üzrədir. İqtisadi əlaqələrimizin inkişafı üçün əlverişli imkanlar mövcuddur. Bu gün Azərbaycanda 11 Sloveniya şirkəti fəaliyyət göstərir. Bu sahədə biznes-forumların keçirilməsi və iqtisadi məsələlər üzrə Azərbaycan-Sloveniya birgə işçi qrupunun fəaliyyətinin canlandırılması əhəmiyyətli rol oynaya bilər. Təqdirəlayiq haldır ki, Azərbaycan-Sloveniya biznes alyansına Sloveniyanın 15 nüfuzlu şirkəti daxildir. Onların bir çoxu artıq ölkəmizdə müxtəlif sahələr üzrə tenderlərin qalibidir.

Söhbətdə spiker mədəni sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğuna diqqət çəkib. O, 2011-ci ildə Prezident İlham Əliyevin Sloveniyaya səfəri çərçivəsində Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin memorial muzeyinin açılışını yüksək dəyərləndirərək, bu şəhərdə Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradılmasını təqdir edib.

Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin özünəməxsus rolu olduğunu vurğulayıb. Deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşlərini və qarşılıqlı səfərləri əhəmiyyətli hesab edib.

Azərbaycanın sürətli inkişafından söz açan sədr Dağlıq Qarabağ münaqişəsinin bölgənin təhlükəsizliyinə böyük maneə olduğunu söyləyib. Bildirilib ki, erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşüb, ölkənin 20 faiz ərazisi işğal edilib: "Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bu işdə dünya birliyinin dəstəyinə ümid edirik".

Sloveniya parlamenti Milli Şurasının sədri M.Bervar ölkəsinin parlament sədri kimi Azərbaycana ilk səfərindən məmnun qaldığını deyib. Qonaq Sloveniya parlamenti haqqında Milli Məclisin sədrinə ətraflı məlumat verərək, ölkələrimiz arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, Sloveniya həyatın ən müxtəlif sahələrində Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Səfər çərçivəsində ölkəsinin STA informasiya agentliyi ilə AZƏRTAC arasında bağlanmış əməkdaşlıq sazişinin bunun parlaq nümunəsi olduğunu söyləyib. Bildirilib ki, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi ümumi məqsədlərə xidmət edir.

O, ölkəsində Mehdi Hüseynzadənin xatirəsinə poçt markası buraxıldığını qeyd edərək, mədəni-humanitar sahədə də əməkdaşlığı daha dərinləşdirmək niyyətində olduqlarını deyib.

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan qonaq Sloveniya parlamentində bu məsələ ilə əlaqədar ötən ilin dekabrında qəbul olunmuş qərara diqqət çəkib. Bildirilib ki, qərarda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənməklə yanaşı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl olunması məqsədəuyğun hesab edilir. Sloveniyanın Milli Şurası sənəddə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir.

Qəbulda qonaq Birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizdə görülən işləri yüksək dəyərləndirərək, Azərbaycan və Sloveniya idmançılarının bu mötəbər yarışda yüksək nəticələr göstərəcəyinə inamını ifadə edib.

Söhbətin sonunda Milli Məclisin sədri qonağı Birinci Avropa Oyunlarına dəvət edib. Dəvət məmnuniyyətlə qəbul olunub.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Ağalar Vəliyev, ölkəmizin Sloveniyadakı səfiri Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti