Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırmalıdır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin sabiq Prezidenti Abdullah Gül deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır: "Biz istəyirik ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində böyük diqqət ayırsın".
A.Gül qeyd edib ki, Ukraynada baş verənlər işğaldır, Dağlıq Qarabağda da baş verənlər işğaldır, lakin dünya ictimaiyyəti Ukrayna məsələsinə tamamilə başqa cür reaksiya verir: "Bu, beynəlxalq hüquqa inamı azaldır və eyni məsələyə ikili yanaşmadan xəbər verir".
Sabiq dövlət başçısı bildirib ki, dünyada ikili standartlar hökm sürür, lakin Azərbaycan və Türkiyə həmişə olduğu kimi bütün məsələlərdə birgə fəaliyyət göstərəcəklər: "Azərbaycanın mübarizəsi Türkiyənin mübarizəsi, Türkiyənin mübarizəsi Azərbaycanın mübarizəsidir".