...

Mübariz Əhmədoğlu: Serj Sərkisyan Dağlıq Qarabağın statusunun müəyyən olunmasında azərbaycanlıların bərabər iştirakından xəbərdardır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2015 10:37 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sərkisyan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdə növbəti dəfə yalan danışdı.
Mübariz Əhmədoğlu: Serj Sərkisyan Dağlıq Qarabağın statusunun müəyyən olunmasında azərbaycanlıların bərabər iştirakından xəbərdardır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Ermənistan prezidenti Serj Sərkisyan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdə növbəti dəfə yalan danışdı. Guya ATƏT-in Minsk Qrupunun hazırladığı sənədlərə görə, Dağlıq Qarabağın statusu Arsax xalqının öz müqəddəratını təyin etmə prinsipi əsasında müəyyənləşdiriləcək. S.Sərkisyan dünyanın böyük strukturlarının sammitlərində, nüfuzlu rəsmilər qarşısında yalan danışmağı vərdişə çevirib.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağın tənzimlənməsi ilə bağlı ən vacib sənəd Yenilənmiş Madrid Prinsipləridir: "Sənəd 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində qəbul edilib. Sənədin müəllifi Rusiyanın eks-prezidenti D.Medvedevdir. Sənəddə Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağ əhalisi tərəfindən müəyyən olunacağı göstərilib. Referendum və yaxud ictimai rəy sorğusu mexanizmi hələki dəqiqləşməyib. Dağlıq Qarabağın statusunun müəyyən olunma mexanizmi ilə bağlı qeyri müəyyən məsələlər hədsiz çoxdur. Bir şey aydındır ki, Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı olmadan heç bir qüvvə Dağlıq Qarabağın statusunu müəyyən edə bilməz. Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyənləşdirəcək. Dağlıq Qarabağın əhalisi dedikdə hal-hazırda Dağlıq Qarabağda yaşayan ermənilər və vaxtı ilə Dağlıq Qarabağda yaşamış azərbaycanlıların birgə məcmuu nəzərdə tutulur. Dağlıq Qarabağ azərbaycanlılarının ermənilər tərəfindən deportasiyaya, soyqırıma məruz qalmasına heç bir beynəlxalq hüquq prinsipi haqq qazandıra bilməz və bunu ört-basdır edə bilməz. Azərbaycan buna heç bir zaman razılıq verə bilməz. Ona görə Ermənistan başa düşməli və özünü aldatmaqdan geri çəkilməlidir".

M.Əhmədoğlu qeyd edib ki, Helsinki Yekun Aktının tənzimləmə üçün nəzərdə tutulan 3 prinsipində Dağlıq Qarabağın statusunun müəyyən olunmasına işarə olunan maddə xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipidir: "Bu prinsip iki hissədən ibarətdir:
1. Xalqlar öz statusunu təyin edərkən bərabər hüquqlara malikdir, yəni Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağ erməniləri nə qədər hüquqa malikdirlərsə, Dağlıq Qarabağ azərbaycanlıları da bir o qədər hüquqlara malikdirlər.
2. Həmin prinsipin tələbinə görə, millətlərin öz müqəddəratını təyin etməsi xalqlar arasında düşmənçiliyə, nifaqa xidmət edə bilməz. Ona görə, bu şərt hətta erməniləri vadar edir ki, azərbaycanlılarla əməkdaşlığa getsin. Yekun Aktın Dağlıq Qarabağ münaqişəsi üçün nəzərdə tutulan prinsiplərində də Dağlıq Qarabağ ermənilərinə xüsusi əlavə bir status verilməyib. Ona görə bu danışılanlar hamısı S.Sərkisyanın özünün şüurlu yalanlarıdır".

Mərkəz rəhbəri sonra vurğulayıb ki, S.Sərkisyan Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağın statusunun müəyyən olunmasında bərabər iştirakından xəbərdardır: "Bu mövzuda müzakirələrdə iştirak edib. S.Sərkisyanın da fikrincə, Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağın statusunun müəyyən olunmasında iştirak etməlidirlər. Amma S.Sərkisyana görə, Dağlıq Qarabağ azərbaycanlıları məhz indi məskunlaşdıqları yerlərdə qalaraq referendumlarda iştirak etməlidirlər. Referendumun nəticəsi nə göstərəcəksə, sonrakı addımlar da o nəticəyə uyğun atılmalıdır".

Politoloq bildirib ki, elə o zaman da S.Sərkisyana cavab verildi ki, əgər Dağlıq Qarabağ azərbaycanlıları öz yaşadığı yerlərdə qalaraq referendumlarda iştirak edəcəklərsə, o zaman S.Sərkisyan ən azı 3 şərtə riayət etməlidir:
1. Ermənistan Dağlıq Qarabağın iki icmalı (erməni və azərbaycanlı icmaları) statusu barədə qərar qəbul etməlidir.
2. Dağlıq Qarabağ azərbaycanlıları keçiriləcək referendum zamanı hökmən Dağlıq Qarabağ ərazisinə səfər edib, orada təbliğat-təşviqat proseslərində iştirak etməlidirlər.
3. Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı referendum üçdə iki səs çoxluğu ilə qəbul edilməlidir. Çünki Qondarma qurum olan Dağlıq Qarabağ guya konstitusiya qəbul edərkən ermənilər özləri artıq üçdə iki səs çoxluğunu norma kimi təsdiq ediblər".

M.Əhmədoğlunun qənaətincə, bu şərtlər çərçivəsində Dağlıq Qarabağ azərbaycanlıları indiki ərazilərdə qalaraq referendumda iştirak edə bilərlər: "Amma ən real variant mərhələli variantdır - Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılır, Dağlıq Qarabağ ermənilərinə aralıq statusu verilir ki, Dağlıq Qarabağ azərbaycanlılarının geri qayıtmasına şərait yaratsınlar. Sonradan Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə yaşamaqla özlərini gələcək həyatını müəyyənləşdirirlər. Ən nəhayət, birgə yaşayış normaları reallaşdıqdan sonra Dağlıq Qarabağda referendum keçirilir. Bununla da, Dağlıq Qarabağın əhalisi Dağlıq Qarabağın statusunu müəyyənləşdirirlər. Bu olmayacağı təqdirdə qalan bütün şeylər mifdir, heç bir real əsası yoxdur. S.Sərkisyan yalnız özünü aldadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti