Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İlkin İzzət/
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub.
Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Yarımca, Çaylı, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.